Kanada Çin və Rusiya kimi “yüksək riskli” hesab etdiyi dövlətlərdə çalışan diplomatlarının həmin ölkələrin vətəndaşları ilə romantik münasibət qurmasını təhlükəsizlik narahatlıqları səbəbindən qadağan etməyi planlaşdırır.
Bunu Kanadanın “National Post” qəzeti yazıb.
Nəşrə danışan mənbələr həmçinin bu plan çərçivəsində diplomatların tanışlıq tətbiqlərindən istifadə etmələrinin də qadağan olunmasının nəzərdə tutulduğunu bildiriblər.
Digər tərəfdən, mənbələr bu ilin əvvəlindən üzərində işlənilən sənədin əsas müddəalarının böyük ölçüdə müəyyənləşdirilməsinə baxmayaraq, hələ rəsmi şəkildə dərc olunmadığını qeyd ediblər.
Məlumata görə, kanadalı diplomatlar hazırda da şəxsi həyatlarına təsir edən bir sıra xüsusi tədbirlərə tabedirlər. Belə ki, onların evlənməzdən əvvəl partnyorları təhlükəsizlik yoxlamasından keçir.