ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə Birləşmiş Ştatların Avropadakı gələcək hərbi mövcudluğunu ətraflı müzakirə etdiklərini bildirib.
Tramp bu barədə Florida ştatındakı Mar-a-Laqo iqamətgahında jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ-nin Avropadakı hərbi mövcudluğunun azaldılması ehtimalından danışan Tramp NATO müttəfiqlərinin İranla münaqişədə Vaşinqtona kifayət qədər dəstək göstərmədiklərini bildirib.
“Amma biz Qrenlandiyanı əldə etdik. O, Texasdan üç dəfə böyükdür. Açığı, bu, mənim münasibətimi bir qədər dəyişdi”, – ABŞ Prezidenti qeyd edib.
Xatırladaq ki, sentyabrda ABŞ, Danimarka və Qrenlandiya rəhbərləri adanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı saziş imzalayıblar. Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir.
Brüsseldə fəaliyyət göstərən “Rapporteur” portalının diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqton Avropadakı hərbi mövcudluğunun yenidən nəzərdən keçirilməsinin nəticələrini açıqlamağı 2027-ci ilə təxirə salıb.
Pentaqon rəhbəri Pit Heqsetin iyunda başlatdığı proses ABŞ-nin Avropadakı hərbi mövcudluğunun və böhran vəziyyətində NATO müttəfiqlərinə ayıra biləcəyi resursların azaldılmasını nəzərdə tutur.