İraqda neft qaçaqmalçılığına görə yüksək vəzifəli şəxslər işdən çıxarılacaq

İraqda neft və neft məhsullarının qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində yaxın günlərdə bir sıra yüksək vəzifəli şəxslərin vəzifələrindən azad ediləcəyi gözlənilir.

Bu barədə İraqın Baş naziri Əli əz-Zeydinin müşaviri Əbdül Əmir ət-Tayban “Əs-Sumariyyə” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkənin bir sıra əyalətlərində neft qaçaqmalçılığı və qanunsuz əməliyyatlarla bağlı araşdırmalar davam etdirilir.

“İraq hökuməti və məhkəmə orqanları üçün bu məsələdə heç bir qırmızı xətt yoxdur”, – müşavir vurğulayıb.

Ət-Tayban Baş nazirin indiyədək vəzifədən azad etdiyi şəxslərin aysberqin yalnız görünən hissəsi olduğunu, istintaq yekunlaşdıqca yeni yüksək səviyyəli istefaların baş verəcəyini qeyd edib.

O əlavə edib ki, araşdırmalar birbaşa məhkəmə orqanlarının nəzarəti altında aparılır və cinayətlərdə iştirak edən şəxslərin adlarının açıqlanması müstəsna olaraq məhkəmə hakimiyyətinin səlahiyyətindədir.