İsrail Qəzzadan 1 milyon fələstinlini köçürməklə hədələdi

İsrailin müdafiə naziri İsrael Kats HƏMAS-ın silahı yerə qoymaqdan imtina edəcəyi təqdirdə Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatların bərpa olunacağını və Qəzza şəhərindən 1 milyon fələstinlinin köçürüləcəyini bildirib.

Nazir bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Katsın sözlərinə görə, Qəzza zolağının 70 faizi dağıdılıb və İsrail ordusunun nəzarətindədir.

“HƏMAS-ın qalan 30 faiz əraziyə nəzarəti illüziyadır. Ya onlar könüllü şəkildə tərksilah olunacaq və Qəzza ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq hərbsizləşdiriləcək, ya da İsrail ordusu hərbi əməliyyat çərçivəsində onları tərksilah edəcək. Bu, Qəzzanın bir milyon sakininin yenidən cənuba köçürülməsini də nəzərdə tutur”, – nazir qeyd edib.

Kats İsrailin Qəzza zolağını tərk etmək istəyən fələstinlilərin mütəşəkkil şəkildə mühacirətinə yardım göstərməyə hazır olduğunu da bildirib.

Nazir, həmçinin HƏMAS-ın siyasi bürosunun iqtisadiyyat şöbəsinin rəhbəri Xalid Əbu Nadanın öldürülməsinə münasibət bildirərək hərəkatın digər rəhbərlərini, o cümlədən Xəlil əl-Həyyanı eyni aqibətlə hədələyib.

Qeyd edək ki, 2025-ci il oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Donald Trampın sülh planının birinci mərhələsinin həyata keçirilməsi barədə razılığa gəlib. Oktyabrın 10-da Qəzza zolağında atəşkəs qüvvəyə minib.