Beynəlxalq Xizək İdman Növləri Federasiyası (FIS) Rusiya idmançılarının İsveçə girişinə qoyulan məhdudiyyətlərə baxmayaraq, 2027-ci il dünya çempionatının başqa ölkəyə köçürülməsini nəzərdə tutmur.
Bu barədə federasiyanın açıqlamasına istinadən “Sports.ru” məlumat yayıb.
Yarış 2027-ci il fevralın 22-dən martın 7-dək İsveçin Falun şəhərində keçiriləcək.
FIS-in bəyanatında bildirilib ki, dünya çempionatının Falundan başqa məkanda keçirilməsi ilə bağlı heç bir müzakirə aparılmayıb və turnirin yeri dəyişdirilməyəcək.
Çempionatın başqa ölkəyə köçürülməsi ilə bağlı müzakirələr İsveçin Rusiya idmançılarının ölkəyə girişinə məhdudiyyətlər tətbiq etməsindən sonra gündəmə gəlib.
Federasiya vurğulayıb ki, onun siyasəti yarışlara müəyyən edilmiş meyarlara cavab verən idmançıların qatılmasını təmin etməyə yönəlib. Bununla yanaşı, viza verilməsi ilə bağlı qərarlar ev sahibi ölkənin səlahiyyətli qurumlarının ixtiyarındadır.
Qeyd edək ki, daha əvvəl Rusiya xizəkçilərinin viza məhdudiyyətlərinə görə Norveçdə keçiriləcək Dünya Kubokunun mərhələsində iştirak edə bilməyəcəkləri bildirilib.
FIS neytral statusla yarışlara buraxılan idmançılar üçün də əlavə şərtlər müəyyənləşdirib. Qaydalara əsasən, onlar və köməkçi heyət üzvləri federasiyanın rəsmi tədbirlərində və mediada Ukraynadakı müharibəyə dəstək ifadə etməməli, Rusiya və Belarusun dövlət rəmzlərindən istifadə etməməlidirlər.