Azərbaycanda ən çox əhali bu rayonlarda yaşayır

Azərbaycanda əhalinin regionlar üzrə məskunlaşması coğrafi mövqe, iqtisadi potensial və urbanizasiya tempindən asılı olaraq kəskin fərqlənir.

Dövlət Statistika Komitəsinin (DSK) rəsmi məlumatlarına əsasən, respublika tabeli iri şəhərlər və paytaxtın inzibati rayonları istisna olmaqla, ölkənin ən çox əhalisi olan bölgələri əsasən sənaye mərkəzlərində, münbit düzənliklərdə və mühüm nəqliyyat dəhlizlərinin üzərində cəmləşib. Daxili miqrasiya axını və aqrar-sənaye infrastrukturunun inkişafı bu rayonları ölkənin ən sıx məskunlaşmış yaşayış məntəqələrinə çevirib.

Azərbaycanın ən çox sakinə malik 5 rayonunu təqdim edirik:

Abşeron rayonu

Paytaxt Bakı ilə həmsərhəd olması və sürətli urbanizasiya prosesləri Abşeron rayonunu ölkənin ən sıx məskunlaşmış rayonuna çevirib. Rəsmi statistikaya görə, rayonun daimi əhalisi 430 min nəfərdən çoxdur. Xırdalan şəhəri başda olmaqla, Saray, Masazır, Mehdiabad və Digah kimi iri qəsəbələrdə aparılan genişmiqyaslı yaşayış komplekslərinin tikintisi və daxili miqrasiya axını burada əhali sayının artmasında əsas rol oynayır.

Lənkəran rayonu

Cənub bölgəsinin əsas iqtisadi və mədəni mərkəzi olan Lənkəran rayonu siyahıda ikinci pillədə qərarlaşıb. Rəsmi göstəricilərə əsasən, rayon əhalisinin sayı təxminən 233 min nəfər təşkil edir. Xəzər dənizi sahilində, rütubətli subtropik iqlim qurşağında yerləşən Lənkəranda kənd təsərrüfatının (çayçılıq, sitrus meyvəçiliyi, tərəvəzçilik) inkişafı tarixən yüksək məskunlaşma sıxlığına zəmin yaradıb.

Masallı rayonu

Cənub zonasının digər iri inzibati vahidi olan Masallı rayonu əhali sayına görə ölkədə üçüncü yerdədir. Burada təqribən 230 min nəfər əhali yaşayır. Bakı–Astara magistral yolunun üzərində əlverişli coğrafi mövqedə yerləşməsi, ticarət və aqrar sektorun fəallığı rayonda demoqrafik göstəricilərin yüksək qalmasını təmin edir.

Şəmkir rayonu

Qərb bölgəsinin ən böyük rayonu olan Şəmkir əhalisinin sayına görə dördüncü pillədədir. Rəsmi rəqəmlərə görə, rayonun əhalisi təxminən 220 min nəfər civarındadır. Kür çayı vadisində və Gəncə-Qazax düzənliyində yerləşən Şəmkir həm aqrar potensialına, həm də sənaye müəssisələrinin çoxluğuna görə ölkənin ən böyük iqtisadi mərkəzlərindən biridir.

Quba rayonu

Şimal bölgəsinin ən iri inzibati ərazi vahidi olan Quba rayonu ilk beşliyi tamamlayır. Statistik məlumatlara əsasən, burada 175 min nəfərə yaxın əhali yaşayır. Bağçılıq, aqrar təsərrüfat və turizm sektorunun geniş inkişafı Qubanı şimal zonasının ən sıx məskunlaşmış rayonuna çevirib./yenisabah