Kredit götürmək istəyənlər bunu mütləq bilməlidir

"Vətəndaşlar kiməsə zamin durmazdan əvvəl bu qərarı ciddi şəkildə ölçüb-biçməlidirlər".

Bunu açıqlamasında bank məsələləri üzrə ekspert Emin Kərimov deyib.

O, yeni zaminlik qaydaları ilə bağlı danışarkən bildirib ki, bu ilin oktyabr ayından etibarən yeni tələblər tətbiq olunur.

"Yeniliklərin əsas məqsədi risk əsaslı yanaşma çərçivəsində şəxslərin həddindən artıq zaminlik öhdəliyi götürməsinin və bunun nəticəsində artıq borclanmasının qarşısını almaqdır. Əvvəllər banklar bir şəxsi eyni vaxtda bir neçə kredit üzrə, hətta onun əməkhaqqının 150-200 faizi həcmində öhdəliklərlə zamin götürə bilirdilər. Yeni yanaşmaya əsasən isə zaminin mövcud öhdəlikləri və rəsmi gəlirləri nəzərə alınır, zaminlik öhdəliklərinin gəlirlərə nisbəti 70 faizi keçməməlidir. Məsələn, aylıq 1000 manat əməkhaqqı alan şəxsin zaminlik üzrə aylıq öhdəliklərinin ümumi məbləği 700 manatdan artıq ola bilməz. Əgər həmin şəxsin artıq 300 manatlıq aylıq ödənişə uyğun zaminlik öhdəliyi varsa, o, əlavə olaraq yalnız 400 manatadək aylıq ödənişi olan kreditlərə zamin dayana bilər. Bu məbləğ bir və ya bir neçə kredit üzrə bölünə bilər", - o deyib.

Ekspert vurğulayıb ki, yeni qaydalara əsasən, zamin seçilərkən şəxsin gəlirləri, mövcud borcları və ödəmə qabiliyyəti daha ciddi qiymətləndiriləcək.

"Əvvəllər xüsusilə restrukturizasiya olunan kreditlərdə, ünvan və qeydiyyatla bağlı məsələlərdə, o cümlədən yataqxanada yaşayan və ya regionlarda qeydiyyatda olan şəxslərdən zamin tələb edilərkən zaminin mövcud öhdəliklərinə hər zaman lazımi diqqət yetirilmirdi. İndi isə zaminin rəsmi gəlirlərinin təsdiqlənməsi əsas şərtlərdən biridir. Bu gəlirlər müvafiq arayışlar, elektron sistemlər və MyGov platforması vasitəsilə təsdiqlənə bilər. Beləliklə, zaminlik qərarı şəxsin real maliyyə imkanları və mövcud borc yükü əsasında verilməlidir", - deyə o bildirib.

E.Kərimov qeyd edib ki, digər mühüm məqam zaminlik öhdəliyinin də şəxsin borc öhdəliyi kimi qiymətləndirilməsi və kredit tarixçəsində, o cümlədən Əsas Kredit Reyestri məlumatlarında əks olunmasıdır.

"Zamin durulan kredit üzrə gecikmələr yarandıqda və ödənişlər vaxtında həyata keçirilmədikdə, bu hallar zaminin də kredit tarixçəsinə mənfi təsir göstərə bilər. Nəticədə həmin şəxs gələcəkdə özü kredit götürmək istədikdə, mövcud zaminlik öhdəliyi və yaranmış gecikmələr nəzərə alınaraq ona kredit verilməsindən imtina edilə bilər. Banklar kredit təhlili və anderraytinq prosesində bu məlumatları da qiymətləndirirlər", - o deyib.

Ekspert əlavə edib ki, vətəndaşlar kiməsə zamin durmazdan əvvəl bu qərarı ciddi şəkildə ölçüb-biçməlidirlər.

"Xüsusilə yaxşı tanımadıqları, ödəmə qabiliyyətinə və maliyyə məsuliyyətinə əmin olmadıqları şəxslərin kreditlərinə zamin olmaq risklidir. Əvvəlki illərin təcrübəsi göstərir ki, bəzən insanlar iş yoldaşının və ya tanışının xahişini geri çevirməmək üçün zamin olur, lakin həmin şəxs işini itirdikdə, gəlirləri azaldıqda və ya həddindən artıq borclandıqda kredit ödənişlərini həyata keçirə bilmir. Bu zaman yaranan problemlər zaminə də təsir edir. Buna görə də zaminlik zamanı kreditin məbləği, müddəti və aylıq ödənişi ilə yanaşı, borcalanın ödəmə qabiliyyəti də nəzərə alınmalıdır. Unutmaq olmaz ki, kiməsə kömək məqsədilə atılan bu addım gələcəkdə şəxsin özünün kredit əldə etmək imkanlarını məhdudlaşdıra bilər", - o yekunlaşdırıb.