Məşhur ödəniş sisteminin Azərbaycanda tam fəaliyyəti: Nələr dəyişəcək? -…

“PayPal” beynəlxalq elektron ödəniş platformasının Azərbaycanda tam fəaliyyətə başlaması istiqamətində iş aparılır.

“PayPal” internet üzərindən pul göndərmək, qəbul etmək və onlayn alış-veriş etmək üçün nəzərdə tutulmuş beynəlxalq elektron ödəniş platformasıdır. Yəni “PayPal” bank kartı ilə internetdə ödəniş etmək və müxtəlif ölkələrdəki insanlardan pul qəbul etmək üçün vasitəçi rolunu oynayır.

Hazırda Azərbaycanda bu platformadan yalnız onlayn alış-veriş və ödənişlər üçün istifadə etmək mümkündür. Amma azərbaycanlı istifadəçilər “PayPal” ilə xaricdən vəsait qəbul etmək və həmin vəsaiti Azərbaycandakı bank hesablarına köçürmək imkanından məhrumdurlar.

“PayPal”ın Azərbaycan bazarında tam fəaliyyət göstərməsi üçün hansı texniki infrastruktur və kibertəhlükəsizlik tələbləri təmin edilməlidir? Platformanın yerli ödəniş sistemlərinə inteqrasiyası prosesində hansı texnoloji çətinliklər yarana bilər?

Medianews.az bu suallarla Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasova müraciət edib.

Elvin Abbasov bildirib ki, “PayPal” Azərbaycanda 2013-cü ildən rəsmən fəaliyyət göstərsə də, indiyədək platforma ölkəmizdə yalnız "göndərmə" (send-only) rejimində mövcuddur: “İstifadəçilər yerli bank kartlarını (Visa, Mastercard) hesaba bağlayaraq xarici saytlardan onlayn alış-veriş edə və ödəniş göndərə bilirlər, lakin xaricdən pul qəbul etmək və balansı Azərbaycandakı bank hesablarına çıxarmaq funksiyası aktiv deyil. 2010-cu illərin əvvəllərində ölkədə elektron ticarət dövriyyəsinin yeni formalaşması, valyuta tənzimlənməsi qaydaları və texniki-tənzimləyici maneələr platformanın tam funksional rejimdə işləməsinə imkan vermirdi.

Son illərdə ölkədə nağdsız ödənişlərin sürətlə artması, İT və rəqəmsal xidmət ixracının genişlənməsi, eləcə də frilanserlər və kiçik biznes subyektləri arasında qlobal bazarlara çıxış tələbatının yüksəlməsi iqtisadi mənzərəni köklü şəkildə dəyişib. Hazırda aparılan işlər məhz mövcud məhdudiyyətlərin aradan qaldırılmasına və sistemin tam (həm ödəniş göndərmə, həm də qəbul etmə) rejimə keçirilməsinə yönəlib. Bu keçid Azərbaycana xaricdən valyuta axınını asanlaşdıracaq, yerli sahibkarların və fərdi mütəxəssislərin qlobal müştərilərdən birbaşa ödəniş almasına imkan yaradacaq və xarici yurisdiksiyalarda açılan vasitəçi hesablar üzərindən aparılan kölgə əməliyyatlarını rəsmi bank dövriyyəsinə cəlb edəcək.

Digər tərəfdən, tam inteqrasiya yerli bank sektoru və sahibkarlıq mühiti üçün yeni iqtisadi imkanlar yaradır. Valyuta nəzarəti mexanizmlərinin şəffaflaşması, transsərhəd köçürmələrdə əməliyyat xərclərinin azalması və beynəlxalq ödəniş sistemlərinin ölkə daxilində sərbəst dövriyyəsi həm yerli məhsul və xidmətlərin ixrac potensialını artıracaq, həm də ölkənin rəqəmsal iqtisadiyyatının ümumi rəqabətqabiliyyətliliyini gücləndirəcək”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli də Medianews.az-a açıqlamasında “PayPal”ın Azərbaycanda tam fəaliyyətə başlamasının ölkə iqtisadiyyatına verə biləcəyi faydalardan danışıb.

Akif Nəsirli deyib ki, “PayPal” beynəlxalq ödəniş platformasının Azərbaycanda tam fəaliyyətə başlaması ölkənin rəqəmsal iqtisadiyyatına, xidmət ixracına və xarici valyuta daxilolmalarına müsbət təsir göstərəcək. Onun sözlərinə görə, hazırda Azərbaycanın əsas problemlərindən biri yerli mütəxəssislərin, frilanserlərin, proqramçıların, dizaynerlərin və digər onlayn xidmət göstərən şəxslərin xarici bazarlara çıxış imkanlarının məhdud olmasıdır:

“Onlar xarici sifarişçilərə xidmət göstərsələr də, əldə etdikləri vəsaiti qəbul etmək və Azərbaycandakı bank hesablarına köçürmək məsələsində çətinliklərlə üzləşirlər. “PayPal”ın tam fəaliyyətə başlaması bu maneəni aradan qaldıra və yerli mütəxəssislərin beynəlxalq bazarda iştirakını asanlaşdıra bilər.

Bunun ən mühüm iqtisadi nəticələrindən biri xidmət ixracının genişlənməsi ola bilər. Çünki müasir dövrdə ixrac dedikdə yalnız neft, qaz, kənd təsərrüfatı və sənaye məhsullarının xaricə satılması nəzərdə tutulmur. Proqram təminatı, dizayn, tərcümə, marketinq, konsaltinq, təhsil və digər rəqəmsal xidmətlər də beynəlxalq ticarətin mühüm hissəsinə çevrilib. “PayPal” vasitəsilə bu xidmətlərdən əldə olunan gəlirlərin ölkəyə gətirilməsi asanlaşarsa, Azərbaycanda minlərlə fərdi mütəxəssis və kiçik sahibkar üçün əlavə qazanc imkanları yaranar”.

Akif Nəsirli vurğulayıb ki, digər mühüm məsələ xarici valyuta daxilolmalarıdır: “Xarici sifarişçilərdən əldə edilən vəsaitlərin Azərbaycana köçürülməsi ölkəyə qeyri-neft sektorundan valyuta axınını artıra bilər. Bu, xüsusilə rəqəmsal xidmətlər sahəsində çalışan şəxslərin gəlirlərinin rəsmiləşdirilməsinə, iqtisadi dövriyyəyə daxil olmasına və vergi bazasının genişlənməsinə şərait yaradar. Bununla belə, real valyuta daxilolmalarının həcmi platformanın istifadəsinin nə qədər geniş yayılmasından və xidmət ixracının artımından asılı olacaq.

“PayPal”ın tam fəaliyyətə başlaması kiçik və orta sahibkarlıq üçün də yeni imkanlar açacaq. Yerli şirkətlər xarici müştərilərdən ödəniş qəbul etmək, beynəlxalq elektron ticarət platformalarında fəaliyyət göstərmək, məhsul və xidmətlərini daha geniş bazara çıxarmaq imkanları əldə edəcəklər. Bu həm də xarici müştərilərin Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməsini asanlaşdıracaq.

Lakin burada bir məqamı da nəzərə almaq lazımdır: “PayPal”ın fəaliyyətə başlaması öz-özlüyündə rəqəmsal iqtisadiyyatın inkişafına zəmanət vermir. Bunun üçün komissiya haqları münasib olmalı, pul köçürmələri operativ həyata keçirilməli, banklarla inteqrasiya təmin edilməli və istifadəçilərin hüquqları qorunmalıdır. Eyni zamanda, vergi və maliyyə hesabatlılığı mexanizmləri aydın olmalıdır.

Ümumilikdə, “PayPal”ın Azərbaycanda tam fəaliyyətə başlaması ölkənin dünya rəqəmsal iqtisadiyyatına inteqrasiyasını sürətləndirə, qeyri-neft sektorunda yeni gəlir mənbələri yarada və yerli mütəxəssislərin xarici bazarlardan qazanc əldə etməsini asanlaşdıra bilər. Əsas məsələ bu imkanın yalnız elektron ödəniş vasitəsi kimi deyil, həm də xidmət ixracını və sahibkarlıq fəaliyyətini genişləndirən iqtisadi mexanizm kimi dəyərləndirilməsidir”.

Bəs, “PayPal”ın Azərbaycan bazarına tam daxil olması yerli banklara, onların elektron ödəniş və pulköçürmə xidmətlərinə necə təsir göstərəcək? Xarici platforma ilə yerli bank arasında mübahisə yarandıqda müştəri hüquqlarını hansı qurum qarşısında müdafiə edə biləcək?

Hüquqşünas Əkrəm Həsanov Medianews.az-a bildirib ki, “PayPal”ın Azərbaycan bazarına tam daxil olması ödəniş və pul köçürmələri sahəsində yerli banklar üçün ciddi rəqabət yaradacaq: “Bu isə istehlakçılar, yəni müştərilər üçün müsbət haldır. Belə olan halda banklar daha keyfiyyətli xidmət göstərməyə çalışmalıdırlar.

Söhbət təkcə banklardan getmir. Ödəniş xidmətləri göstərən yerli qurumlarımız, məsələn, MilliÖn və digərləri üçün də bu, ciddi çağırışdır. Onlar da müştəriyönümlü yanaşmanı gücləndirməli, həm komissiya haqlarını, həm də göstərdikləri xidmətlərin keyfiyyətini nəzərdən keçirməlidirlər.

Eyni zamanda, bildiyim qədərilə, “PayPal” da Azərbaycanın Mərkəzi Bankının nəzarəti altında fəaliyyət göstərəcək və müəyyən mənada yerli ödəniş sisteminə inteqrasiya olunacaq. Mübahisəli hallar yarandıqda isə bank-maliyyə sisteminə nəzarət edən qurum Mərkəzi Bankdır. Bununla yanaşı, müştərilərin məhkəməyə müraciət etmək hüququ da var”.

Nailə Qasımova,

Qeyd: Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.