Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH

“Çin üçün Azərbaycan olduqca təhlükəsiz və etibarlı tərəfdaşdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Milli Məclisdə Azərbaycan və Çin arasında beynəlxalq avtomobil daşımaları haqqında Sazişin təsdiqlənməsinə münasibət bildirən ekspert qeyd edib ki, sənəd iki ölkə arasındakı iqtisadi əlaqələri yeni mərhələyə daşıyacaq:

“Azərbaycan və Çin arasında iqtisadi və siyasi sahədə əməkdaşlıq daha da genişlənir. Bu əməkdaşlıq günü-gündən inkişaf etməkdədir. İki ölkə rəhbəri arasında qarşılıqlı dostluq münasibətləri var. Bu münasibət ölkələrimiz arasında iqtisadiyyatın inkişafına daha da təkan verir. Burada yükdaşımaları xüsusi qeyd etmək lazımdır. Çin öz məhsullarının Avropa bazarına çıxarılması üçün məhz İpək Yolunu seçir. Burada Amerikanın da marağı öndədir. TRİPP layihəsi məhz Trampın adı ilə bağlıdır. Çin mallarının Avropa bazarına çıxması üçün ən qısa, ən təhlükəsiz yol məhz Azərbaycan üzərindən keçir. Qədim İpək Yolunun yenidən dirçəlməsi Azərbaycan üçün böyük dividendlər qazandıracaq. Bu məsələnin tənzimlənməsi üçün həm də hüquqi bazanın formalaşmasına ehtiyac yaranmışdı ki, Milli Məclisdə Azərbaycan və Çin arasında beynəlxalq avtomobil daşımaları haqqında Sazişin təsdiqlənməsi önə çıxıb. Bundan sonrakı mərhələdə bu məsələ müzakirə olunacaq. Dəmir yolu ilə daşımalar hazırda mövcuddur. İllik daşımalara baxsaq, əvvəlki illərlə müqayisədə böyük artımın şahidi oluruq. Əvvəlki qatar saylarına, konteyner saylarına baxsaq, bu gün tamamilə fərqli mənzərə ortaya çıxır. Bu prosesin avtomobil daşımaları haqqındakı saziş üzərindən qurulması o deməkdir ki, avtomobil nəqliyyatı ilə də daşımalar həyata keçiriləcək”.

Ekspert qeyd edir ki, gələcəkdə bu əməkdaşlıq digər sahələrə də sirayət edəcək:

“Burada təkcə Çindən Azərbaycana yüklərin daşınmasından söhbət getmir. Həm də Azərbaycan üzərindən başqa ölkələrə keçirilməsindən söhbət gedir ki, bu da tərəflər üçün səmərəlidir. Çin hökuməti Azərbaycanın təhlükəsiz və etibarlı tərəfdaş olduğunu görür. Bu baxımdan dəmir yolu nəqliyyatı ilə daşımaların ardınca avtomobil nəqliyyatı üzərindən daşımaları da önə çıxarır. Hər iki ölkə, yəqin ki, buna razılıq verib, hüquqi baza formalaşıb. Düşünürəm ki, biz gələcəkdə hava nəqliyyatı daşımaları ilə bağlı da danışa biləcəyik. Ən azından işğaldan azad olunmuş ərazilərdə – Qarabağ və Şərqi Zəngəzurda artıq 3 nəhəng hava limanı fəaliyyət göstərir ki, gələcək perspektivdə bu limanlardan da, yəqin ki, istifadə olunacaq”.