Qonşu ölkədə çörəyin qiyməti arta bilər

Gürcüstanda bu ilin sonunadək un və çörəyin qiymətində artım gözlənilir.

Gürcüstan hakimiyyəti 2026-cı ilin oktyabrında yerli taxıla tələbatı stimullaşdırmaq məqsədilə ölkəyə idxal edilən buğdanın hər tonuna 100 lari (38 dollar) məbləğində müvəqqəti rüsum tətbiq edib.

Dəyirman şirkəti "Baraka"nın baş direktoru Lado Bidzinaşvili BMG-yə müsahibəsində bildirib ki, əvvəlki taxıl ehtiyatları artıq tükənib və rüsum tətbiq olunan yeni buğdanın alınması unun maya dəyərini təxminən 20 faiz artırır.

Onun proqnozuna görə, dekabrın ortalarından etibarən birinci növ unun 50 kiloqramlıq kisəsinin qiyməti 5-7 lari bahalaşaraq hazırkı 46-48 laridən 55-57 lariyə çatacaq.

"Unun qiyməti, əlbəttə ki, artacaq. Nəzərə alsaq ki, ehtiyatlarımız artıq tükənib və yeni buğdanın tədarükündən asılıyıq", - deyə o bildirib.

Bidzinaşvili qeyd edib ki, gözlənilən qiymət artımına baxmayaraq, unun qiyməti ötən ilin orta göstəricisindən (bir kisə üçün təxminən 60 lari) aşağı olacaq. Onun fikrincə, bu artım özlüyündə çörəyin bahalaşmasına səbəb olmamalıdır.

Gürcüstan Çörəkbişirənlər Assosiasiyasının rəhbəri Malxaz Dolidze isə çörək istehsalçılarının eyni vaxtda iki problemlə üzləşdiyini bildirib. Bunlar xammalın bahalaşması ehtimalı və Tbilisidə iri tonnajlı və distribütor nəqliyyat vasitələrinin pik saatlarda hərəkətinə qoyulan qadağadır.

Belə ki, paytaxtda yük avtomobillərinin saat 08:00-dan 11:00-dək və 17:00-dan 20:00-dək hərəkətinə məhdudiyyət tətbiq olunur.

Dolidzenin sözlərinə görə, mağazaların yükboşaltma meydançalarının olmaması, tədarükün gecə saatlarına keçirilməsinin isə ticarət şəbəkələrinin bağlı olması səbəbindən mümkün olmaması çörək istehsalçıları üçün əlavə çətinliklər yaradır. Nəticədə çörək daşıyan avtomobillər hər gün müşahidə kameraları tərəfindən qeydə alınır və şirkətlər minlərlə lari məbləğində çoxsaylı cərimələrlə üzləşirlər.

"Əgər idxal vergisi səbəbindən un bahalaşarsa və bunun üzərinə distribusiya ilə bağlı cərimələr də əlavə olunarsa, bütün bunlar çörəyin qiymətinin artırılmasına gətirib çıxaracaq", - deyə o BMG-yə açıqlamasında bildirib.

Assosiasiya rəhbəri vurğulayıb ki, çörək sosial əhəmiyyətli məhsullar kateqoriyasına daxildir və minimum mənfəət marjası ilə satılır.

O, həmçinin buğda idxalına tətbiq edilən rüsumu məqsədəuyğun hesab etmədiyini bildirib. Qeyd edib ki, Gürcüstanda yerli buğda istehsalı təxminən 150 min ton təşkil edib və bu ehtiyat artıq tükənmək üzrədir. Halbuki ölkənin illik tələbatının ödənilməsi üçün əlavə olaraq təxminən 600 min ton buğdanın idxalına ehtiyac var.