Bakıda yağış yağanda avtobus dayanacaqlarına sığınan sərnişinlər də islanır. Paytaxtın bəzi dayanacaqlarında şüşə örtüklər tam quraşdırılmayıb, dam örtüklərindən su sızır, yağış suyu isə müxtəlif hissələrdən içəri daxil olur. Beləliklə, sərnişinlərin yağışdan və küləkdən qorunmaq üçün istifadə etməli olduqları dayanacaqlar bəzən onları hava şəraitinin təsirindən qoruya bilmir.
Vətəndaşlar haqlı olaraq sual edirlər: dayanacaqların tikintisi və quraşdırılması üçün vəsait ayrıldığı halda, niyə onların yağışdan və küləkdən qorunması təmin olunmur? Yağışlı havada sərnişinlərin sığınacaq kimi istifadə etməli olduqları dayanacaqlar niyə öz funksiyasını yerinə yetirmir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, ictimai nəqliyyat infrastrukturunun keyfiyyəti yalnız avtobusların müasirliyi və hərəkət intervalı ilə deyil, həm də sərnişinlər üçün yaradılan gözləmə şəraiti ilə qiymətləndirilməlidir:
"Avtobus dayanacağının əsas funksiyası vətəndaşları yağışdan, qardan, küləkdən və günəş şüalarından qorumaq, onların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsini təmin etməkdir. Əgər dayanacağın dam örtüyündən yağış suyu sızırsa, şüşə konstruksiyaları natamamdırsa və vətəndaş dayanacağın daxilində belə islanırsa, deməli, həmin infrastruktur öz funksiyasını tam yerinə yetirmir. Təəssüf ki, paytaxtın müxtəlif ərazilərində bu kimi problemlərlə bağlı şikayətlərə rast gəlinir. Xüsusilə yaşlı insanlar, azyaşlı uşaqlar, hamilə qadınlar və sağlamlıq imkanları məhdud şəxslər əlverişsiz hava şəraitində daha ciddi çətinliklərlə üzləşirlər. Dayanacaqların quraşdırılmasına maliyyə vəsaiti ayrılırsa, həmin vəsaitin qarşılığında keyfiyyətli, funksional və uzunömürlü infrastruktur yaradılmalıdır. Dayanacaq sadəcə şəhərin görünüşünü yaxşılaşdıran dekorativ konstruksiya və ya reklam daşıyıcısı olmamalıdır. Onun layihələndirilməsi zamanı ərazinin iqlim xüsusiyyətləri, küləyin istiqaməti, yağıntının intensivliyi və sərnişin sıxlığı nəzərə alınmalıdır".
Müsahibimiz əlavə etdi ki, Bakının küləkli şəhər olduğunu nəzərə alsaq, yan hissələri həddindən artıq açıq olan dayanacaqların yağışlı havalarda sərnişinləri effektiv şəkildə qoruması çətinləşir:
"Digər tərəfdən, dayanacaqların tamamilə qapalı olması da havalandırma, görünüş və sərnişinlərin rahat hərəkəti baxımından düzgün layihələndirilməlidir. Əsas məsələ funksionallıqla təhlükəsizlik arasında balansın yaradılmasıdır. Dam örtüklərinin su keçirməməsi, yağış sularının kənarlaşdırılması, yan qoruyucu şüşələrin düzgün yerləşdirilməsi, oturacaqların yararlı vəziyyətdə olması və konstruksiyaların davamlılığı vacib texniki tələblər kimi müəyyənləşdirilməlidir. Aidiyyəti qurumlar mövcud dayanacaqların inventarlaşdırılmasını həyata keçirməli, texniki vəziyyətini mütəmadi yoxlamalı, yararsız və qüsurlu konstruksiyaların təmirini təmin etməlidirlər. Eyni zamanda, yeni dayanacaqlar istifadəyə verilməzdən əvvəl onların keyfiyyəti və müxtəlif hava şəraitinə davamlılığı yoxlanılmalıdır. Konkret dayanacaqdakı problemin layihələndirmə, quraşdırma və ya sonrakı texniki xidmətlə əlaqəli olduğu araşdırılmalı, məsuliyyət müəyyənləşdirilməlidir".
Ekspert diqqətə çatdırdı ki, vətəndaşları şəxsi avtomobillərdən daha az istifadə etməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırırıqsa, ilk növbədə bunun üçün əlverişli şərait yaratmalıyıq:
"Yağış altında islanan, küləkdə üşüyən və avtobus gözləyərkən elementar rahatlıqdan məhrum olan vətəndaşın ictimai nəqliyyata marağının azalması təbiidir. Müasir şəhər infrastrukturu yalnız zahiri görünüşü ilə deyil, insana göstərdiyi xidmətin keyfiyyəti ilə seçilməlidir. Ayrılan maliyyə vəsaitinin səmərəliliyi quraşdırılan dayanacaqların sayı ilə deyil, onların vətəndaşların ehtiyaclarını nə dərəcədə ödəməsi ilə ölçülməlidir. Unutmamalıyıq ki, dayanacaq reklam üçün deyil, ilk növbədə insan üçündür. Vətəndaşın yağışdan qorunması əlavə imtiyaz deyil, ictimai nəqliyyat infrastrukturunun təmin etməli olduğu elementar xidmət standartıdır".