Azər Aydəmir: “Filmin çəkilişində süni intellektdən istifadə olunmayıb”

“İşquz dövləti” bədii-sənədli filminin prodüseri, aktyor Azər Aydəmir filmin çəkiliş prosesində istifadə olunan texnologiyalarla bağlı açıqlama verib.

Prodüser filmin ərsəyə gəlməsində süni intellektdən, eləcə də CGI və VFX proqramlarından istifadə olunmadığını bildirib.

Azər Aydəmirin sözlərinə görə, bu, quruluşçu rejissorun və komandasının ənənəvi kino yaratmaq prinsipindən irəli gəlir.

O qeyd edib ki, layihə üzərində çalışan komanda süni intellekt texnologiyalarının mütəxəssisləri deyil və bu sahədə öyrənmə prosesi davam edir:

“Filmin çəkilişində bir saniyə belə süni intellektdən istifadə olunmayıb. Açıq desəm, CGI və VFX üzrə çalışan mütəxəssislərə birdən-birə süni intellekt alətlərindən istifadə etməyi tapşırmaq doğru olmazdı. Biz ənənəvi kino üsullarına üstünlük verdik. Azərbaycanda son 5-20 ildə tarixi filmlər hansı üsullarla çəkilibsə, biz də eyni yanaşmadan istifadə etmişik. Məqsədimiz kino ənənələrini qorumaqdır”.