İranda iqtisadi vəziyyət getdikcə ağırlaşır. Ərzaq qiymətləri 110 faizdən çox artıb, milli valyuta rekord həddə ucuzlaşıb, hakimiyyət isə ərzaq və elektrik enerjisinə verilən subsidiyaları azaltmağa başlayıb.
Xarici mediaya istinadən, İran prezidenti Məsud Pezeşkian ölkənin ciddi maliyyə çətinlikləri ilə üzləşdiyini etiraf edərək “Bizim pulumuz yoxdur” deyib.
Prezident yaranmış vəziyyəti iqtisadi müharibə adlandırıb və bunun ənənəvi hərbi qarşıdurmadan daha çətin olduğunu bildirib.
ABŞ-ın dəniz blokadası fonunda İranın neft ixracı ciddi zərbə alıb. Bu isə dövlət gəlirlərinin azalmasına və iqtisadi böhranın dərinləşməsinə səbəb olub.
Rəsmi məlumatlara görə, ölkədə ərzaq və içkilərin illik inflyasiyası 110 faizi ötüb. Dolların məzənnəsi təxminən 2,9 milyon rial səviyyəsinə çatıb. Əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi ilə yanaşı, elektrik enerjisi və çörək təminatında da problemlər yaranıb.
Hakimiyyət artıq bəzi əyalətlərdə subsidiyalı un və çörək tədarükünü azaldıb. Elektrik enerjisi kəsintiləri isə gündə iki saata qədər davam edir. Bu vəziyyət əhalinin və işçilərin etirazlarına da səbəb olub.
Beynəlxalq Böhran Qrupunun eksperti Əli Vaez hesab edir ki, İranın iqtisadi problemləri uzun müddətdir toplanır. Onun sözlərinə görə, ölkə aylardır iqtisadi baxımdan “borc götürülmüş vaxtla” yaşayır.