Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU

Süni intellekt vasitəsilə yaradılan videoları real görüntülərdən fərqləndirməyin beş əsas əlaməti açıqlanıb.

ONN media xəbər verir ki, bu barədə Rusiya Texnologiya Universitetinin eksperti Aleksandr Şaripov "Gazeta.Ru"ya danışıb.

Onun sözlərinə görə, süni intellektlə hazırlanan videoları işıq və kölgələrin uyğunsuzluğu, xırda detalların dəyişməsi, hərəkətlərin fiziki qanunlara uyğun olmaması, qeyri-adi rəqəmsal küy və təbii səslənməyən audio vasitəsilə müəyyən etmək mümkündür.

Ekspert bildirib ki, əvvəlki dövrlərdə süni intellekt videolarında tez-tez rast gəlinən altı barmaq kimi kobud qüsurlar artıq nadir hallarda müşahidə olunur. Müasir videolarda isə daha çox optik və fiziki uyğunsuzluqlara diqqət yetirmək lazımdır.

Şaripovun sözlərinə görə, ilk növbədə işıq və kölgələrin istiqamətinə fikir vermək lazımdır. Belə videolarda gözlərdəki işıq əksləri real işıq mənbələri ilə uyğun gəlməyə, kölgələr isə bir-birinə zidd ola bilər.

Digər əlamət hərəkət zamanı xırda detalların dəyişməsidir. Məsələn, geyimlərin teksturası, ağac yarpaqları və uzaqdakı yazılar kadrlardan-kadrlara formasını dəyişə bilər.

Üçüncü əlamət hərəkətlərin fiziki qanunlara uyğun olmamasıdır. İnsanların ayaqları yerdə sürüşə, su sıçrantıları və geyim qırışları isə hərəkətin məntiqinə uyğun olmayan şəkildə dəyişə bilər.

Ekspert dördüncü əlamət kimi rəqəmsal küy və görüntü keyfiyyətindəki uyğunsuzluqları göstərib. Real çəkilişlərdə hərəkət zamanı yaranan bulanıqlıq və təsadüfi görüntü küyü süni intellektlə yaradılan kadrlardan fərqlənə bilər.

Sonuncu əlamət isə səsin görüntü ilə uyğunlaşmamasıdır. Belə videolarda danışıq zamanı dodaq və boyun hərəkətlərində xırda uyğunsuzluqlar, eləcə də səsdə məkan əks-sədasının olmaması müşahidə edilə bilər.

Şaripov qeyd edib ki, generativ modellər hələ də fiziki qanunauyğunluqları tam əks etdirə bilmədiyindən bu beş xüsusiyyət videoların həqiqiliyini yoxlamaqda mühüm rol oynayır.