Gələn il ətin qiyməti bahalaşacaq

Azərbaycanda qoyun və keçilərin sayının 6,73 milyon başa enərək son 23 ilin minimumuna düşməsi ölkənin ət bazarında həm qoyun, həm də mal ətinin bahalaşması üçün birbaşa zəmin yaradır. Yerli istehsalın azalması fonunda alıcıların alternativ kimi mal ətinə üstünlük verməsi bu seqmentdə də tələbi artıraraq qiymətləri yuxarı çəkir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev Modern.az-a danışıb. O qeyd edib ki, heyvanların sayının azalması birbaşa bahalaşmaya səbəb olmur:

"Azərbaycanda son illər xırdabuynuzlu heyvanların sayı xeyli azalıb. Ancaq bu o demək deyil ki, heyvanların sayının azalması mütləq bahalaşmaya səbəb olmalıdır. Bahalaşmada xırdabuynuzlu mal-qaranın sayının azalmasını bir amil kimi götürmək olar, lakin ətlik qoyunlar və cins heyvanlar hesabına ət istehsalını yüksəltmək mümkündür və bu istiqamətdə işlər görülür.

Bahalaşmaya səbəb olan digər amillər də var. Bunlara fermerlərin və heyvandarlıqla məşğul olan insanların bazara çıxmaqda çətinlik çəkməsi, eləcə də yemlərin qiymətinin artması daxildir. Digər tərəfdən, burada işbazların da fəaliyyəti rol oynayır — onlar regionlardan heyvanları ucuz qiymətə alıb bazarda baha qiymətə satırlar".

Deputat əlavə edib ki, bahalaşmanın bir səbəbi də son illər heyvandarlığa marağın azalmasıdır:

"Başqa amillərdən biri isə son illər heyvandarlığa və mal-qaranın saxlanmasına marağın müəyyən qədər azalmasıdır. İnsanlar daha rahat iş axtarır, bu sahənin çətinliklərini çəkmək istəmirlər. Təbii ki, heyvanların sayı kəskin azalırsa və maraq aşağı düşürsə, ət istehsalı da azala bilər və bu, bazarda bahalığa səbəb olar.

Ancaq dövlət bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Artıq 2025–2026-cı illərdə çox mühüm dövlət proqramı qəbul edilib. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda bu məsələlər aydın ifadəsini tapıb və xüsusilə heyvandarlığın inkişaf etdirilməsi üçün qarşıya ciddi vəzifələr qoyulub.

Burada dövlət dəstəyinin artırılması, heyvandarlıqla məşğul olan insanlara lazımi şəraitin yaradılması, cins heyvanların gətirilməsi, eləcə də qoyun və keçilərin cins tərkibinin yaxşılaşdırılması, yem tədarükü, baytarlıq-sağlamlıq tədbirləri və digər məsələlər geniş şərh olunub. Ən vacib məqam stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir ki, bu da heyvandarlıqla məşğul olan insanlara əlavə imkanlar yaradılmasını nəzərdə tutur. Görülən bu tədbirlər, sözsüz ki, həm heyvandarlığın inkişafına, həm də daxili bazarda ət təminatının sabitləşməsinə öz müsbət təsirini göstərəcək".

Aqrar sahə və iqtisadiyyat üzrə ekspert Vahid Məhərrəmlinin sözlərinə görə isə ətin bahalaşmasının əsas səbəblərindən biri örüş sahələrinin azalmasıdır:

"Həqiqətən də, son on ildə heyvanların baş sayı daha sürətlə azalıb. Bunun da səbəbi örüş ərazilərində məhsuldarlığın aşağı düşməsi, ümumiyyətlə, örüş sahələrinin azalmasıdır. Onun da səbəbi odur ki, bəzi oliqarx məmurlar həmin əraziləri mənimsəyir və səmərəli istifadə etmirlər. Digər tərəfdən, ölkədə yem bazası zəifdir. Bu problemlər, əlbəttə ki, heyvandarlığın inkişafında böyük əngəldir.

Keçən il əslində mal və qoyun əti istehsalı azalıb. Ümumi ət istehsalında artım ona görə göstərilib ki, quş ətinin istehsalında artım olub. Amma quş ətinin istehsalının artması ümumi ətin qiymətinə təsir etmir, çünki insanlar əsasən təzə kəsilmiş mal və qoyun ətinə üstünlük verirlər. Məsələn, 2024-cü illə müqayisədə 2025-ci ildə mal əti istehsalı 152,9 min tondan 150,5 min tona, qoyun əti isə 89,7 min tondan 88,4 min tona düşüb".

Vahid Məhərrəmli qeyd edib ki, baş sayının azalmasına da xüsusi diqqət yetirmək lazımdır:

"Bu hal əvvəllər ət istehsalını artırıb, çünki heyvanlar kəsimə verilib. Heyvanların sayı ilbəil azalırsa, deməli, ət istehsalı da azalır. Artıq elə bir həddə çatıb ki, bu, özünü istehsalda göstərir və keçən ilki azalma bu il ətin qiymətində özünü büruzə verir.

Bu il ətin qiyməti 17 manat 50 qəpikdən qalxaraq 19,50–20 manata çatıb. Qısa müddətdə baş sayını artırmaqla və ya xaricdən daha çox diri heyvan idxal etməklə ölkədə ətin qiymətini tənzimləmək mümkün olmayacaq. Çünki xarici ölkələrdə də qlobal istiləşmə ilə bağlı örüş sahələrində məhsuldarlıq aşağı düşüb və diri heyvan ixracına bir o qədər yol vermirlər, hər ölkə öz daxili tələbatını ödəməyə çalışır.

Yemlik bitkilərin istehsalında da azalma var. Bu ondan xəbər verir ki, qış üçün yem ehtiyatımız az olacaq. Yem az olacaqsa, daha az ət istehsal edəcəyik; təklif az olanda isə qiymət artacaq.

Təəssüf ki, yaxın perspektivdə qiymətlərin stabil qalacağını demək çətindir. Ölkədə qiyməti əsasən təzə kəsilmiş mal və qoyun əti formalaşdırır. Toyuq ətinin və ya gətirilən dondurulmuş ətin artımı qiymətə, demək olar ki, təsir etmir".