"Bir məqam xüsusi diqqət çəkir: əgər videonun ikinci hissəsi həqiqətən 26 noyabr 2026-cı ildə Naxçıvan istiqamətində baş vermiş yeni hərbi yerdəyişməni əks etdirsəydi, məhz həmin yeni görüntülərin ayrıca və ilkin xəbər materialı kimi yayılması gözlənilən olardı..."
Sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika yeritməsi iddiası ilə yayılan görüntülərin həqiqiliyi şübhə doğurur.
Moderator.az məsələni araşdırarkən Musavat.com saytının "İran Naxçıvanla sərhədə ağır texnika yeritdi – ŞOK GÖRÜNTÜLƏR" başlıqlı xəbərində istifadə olunan videonun (burada:) ilk hissəsinin 9 sentyabr 2023-cü ildə Azərbaycan mediasında yayımlanmış görüntülərlə eyni olduğunu müəyyənləşdirib.
Belə ki, Musavat.com-un "TikTok"-a istinadən təqdim etdiyi videonun ilk 35–36 saniyəsi Baku.TV-nin 2023-cü il sentyabrın 9-da yayımladığı "İran rejimi Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika yeridir" materialındakı kadrlarla üst-üstə düşür.
Həmin görüntülərdə Araz çayı üzərində uçan İran hərbi helikopteri və İran ərazisindən sərhəd istiqamətinə daşınan hərbi texnika əks olunub.
Baku.TV-nin məlumatına görə, görüntülər SEPAH-ın telegram kanalında paylaşılıb. Çəkilişin İran Teleradio və Yayım Təşkilatının təhlükəsizlik və hərbi müxbiri Yunis Şadlu tərəfindən yayımlandığı bildirilib.
Eyni görüntülər 9 sentyabr 2023-cü ildə AzerNews, BAKU.WS və Avtosfer.az nəşrlərində də işıqlandırılıb.(burada:)
Videonun ikinci hissəsinin ilkin mənbəyi hələlik müəyyənləşdirilməyib...
Araşdırmanın digər mühüm istiqaməti sözügedən videonun Musavat.com-un "TikTok" hesabında yayımlanan 35–36-cı saniyəsindən sonrakı hissə olub. O kadrlar sonradan ilk hissə ilə birləşdirilərək oxuculara bütöv şəkildə təqdim edilib.
(burada:)
Həmin kadrların ilkin mənbəyini müəyyənləşdirmək məqsədilə farsdilli, rusdilli, ingilisdilli, Azərbaycan dilli, İsrail, ivritdilli və ərəbdilli informasiya resurslarında, eləcə də İranla bağlı telegram-kanallarında axtarış aparılıb.
Lakin ikinci hissənin ilk dəfə hansı mənbədə, nə vaxt və hansı şəraitdə yayımlandığını təsdiqləyən etibarlı material aşkarlanmayıb.
Bununla belə, bir məqam diqqət çəkir: əgər videonun ikinci hissəsi həqiqətən 26 noyabr 2026-cı ildə Naxçıvan istiqamətində baş vermiş yeni hərbi yerdəyişməni əks etdirsəydi, məhz həmin yeni görüntülərin ayrıca və ilkin xəbər materialı kimi yayılması gözlənilən olardı. Ancaq hazırda belə bir ilkin paylaşım müəyyən edilməyib. Əvəzində, yeni xəbər adı ilə yayılan videonun başlanğıcında 2023-cü ildə dərc edilmiş görüntülərdən istifadə olunub.
Bu hallar ikinci hissənin də əvvəlki dövrə aid ola biləcəyi ehtimalını gücləndirir. Bununla belə, təkcə videonun montaj ardıcıllığına əsaslanaraq həmin kadrların köhnə olduğunu qəti şəkildə söyləmək mümkün deyil...
İran ordusunda yeni hərbi yerdəyişmə barədə də rəsmi təsdiq yoxdur...
Araşdırma zamanı İranın məhz son günlərdə Naxçıvanla sərhədə yeni ağır hərbi texnika cəmləşdirməsi barədə etibarlı və müstəqil təsdiq əldə edilməyib. 26 noyabr tarixində bu iddianı işıqlandıran bəzi Azərbaycan saytlarının xəbərləri isə əsasən Musavat.com-un materialına istinad edir. Bu cür təkrar yayımlar müstəqil təsdiq hesab edilə bilməz.
Beləliklə, əldə olunan faktlar aşağıdakı nəticələri ortaya qoyur:
Musavat.com-da yayımlanan videonun ilk 35–36 saniyəsi 2023-cü ildə dərc olunmuş görüntülərlə eynidir. Videonun ikinci hissəsinin ilkin mənbəyi və çəkilmə tarixi müəyyən edilməyib. İkinci hissənin də köhnə olması ehtimalı var, lakin bu, hələ sübut olunmayıb. İranın məhz hazırda Naxçıvan sərhədinə yeni ağır hərbi texnika yeritməsi barədə müstəqil təsdiqlənmiş məlumat yoxdur.
Görüntülərin qəsdən təxribat məqsədilə montaj edildiyini təsdiqləyən sübut da əldə edilməyib...
Nəticə:
Sosial şəbəkələrdə yayılan videonu İranın Naxçıvan sərhədinə hazırda ağır hərbi texnika yeritməsinin sübutu kimi qəbul etmək üçün əsas yoxdur. Ən azı videonun bir hissəsinin üç il əvvəl yayımlandığı təsdiqlənir. İkinci hissənin dəqiq mənbəyi müəyyənləşdirilənədək bu görüntüləri yeni hərbi hadisə kimi təqdim etmək doğru olmaz...
S.Laçın