"Bakı Fond Birjası" QSC (BFB) və ABŞ-nin Nasdaq Fond Birjası arasında səhm və istiqraz bazarlarının inkişafı müzakirə olunub.
Bu barədə BFB-yə istinadən xəbər verilir.
Məlumata görə, tərəflər arasında keçirilmiş görüş zamanı "Nasdaq" nümayəndələri Azərbaycanın kapital bazarında baş verən inkişaf proseslərinə və bazarın gələcək perspektivlərinə maraq göstərərək, bu istiqamətdə BFB-nin prioritetləri və həyata keçirdiyi təşəbbüslərlə tanış olublar.
Müzakirələr çərçivəsində brokerlərin bazarda iştirakının genişləndirilməsi, yeni maliyyə məhsullarının tətbiqi, bazar məlumatları və texnoloji bağlantı imkanları, regional inteqrasiya perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, həmçinin "Nasdaq"ın son yenilikləri və beynəlxalq bazarlarda formalaşmış təcrübəsi barədə məlumatlar paylaşılıb, bu təcrübənin yerli kapital bazarının inkişafı baxımından tətbiq imkanları müzakirə edilib.
BFB beynəlxalq bazar infrastrukturu təchizatçıları ilə dialoqu və təcrübə mübadiləsini yerli kapital bazarının inkişafı, texnoloji imkanlarının genişləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi baxımından əhəmiyyətli hesab edir.