MDB-ni böyütmək planı - Format dəyişikliyinə gedilir…

Müstəqil Dövlətlər Birliyi (MDB) format dəyişikliyinə gedir.

Noyabrın 26-da Rusiyanın TASS agentliyinə danışan baş katib Sergey Lebedev bəyan edib ki, MDB+ və MDB yanında müşahidəçi formatları yaratmaq nəzərdə tutulur. Onun sözlərinə görə, İran MDB+ formatının ilk üzvü ola bilər. Başqa mümkün üzvlər kimi baş katib Monqolustan və Serbiyanın adını hallandırıb.

MDB-nin İcraiyyə Komitəsi Belarusun paytaxtı Minskdə yerləşir. Rusiyalı Sergey Lebedev 2007-ci ildən İcraiyyə Komitəsinin sədri-icra katibi postunu tutub, 2023-cü ildə baş katib statusu alıb.

Medianews.az bildirir ki, MDB Sovet Sosialist Respublikaları İttifaqının qalıqları üzərində, Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 1991-ci il dekabrın 8-i Belarusda imzaladığı sazişlə yaradılıb.

Dekabrın 20-də Azərbaycan parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyinə qoşulmasını məqsədəuyğun saymayan qərar qəbul edib.

Dekabrın 21-i Alma-Atada (Almatı – Qazaxıstan) Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan 8 dekabr sazişini imzalayaraq MDB-yə qoşulublar.

1992-ci il oktyabrın 7-də Azərbaycan parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyinə qoşulmasını təsdiqləməyib.

1993-cü il yanvarın 22-də Minskdə (Belarus) MDB-nin nizamnaməsi qəbul olunub. Sənəd Ukrayna və Türkmənistanda ratifikasiya olunmayıb, həmin vaxtdan bu iki dövlət MDB-nin üzvləri yox, təsisçiləri və iştirakçıları sayılıb.

Sentyabrın 20-də Azərbaycan parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyinə qoşulması barədə qərar çıxarıb, sentyabrın 24-də məsələ həllini tapıb.

Dekabrın 9-da Gürcüstan da MDB-yə qoşulub.

2005-ci ildə Türkmənistan MDB-nin müşahidəçi üzvü statusu alıb.

Rusiyanın təcavüzünə məruz qalan Gürcüstan 2008-ci il avqustun 18-də MDB-dən çıxmaq barədə nota verib. Təşkilatın nizamnaməsinə uyğun olaraq bir il sonra Gürcüstanın MDB-dən ayrılması rəsmiləşib.

Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərdən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci il avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanı “müstəqil dövlət” kimi tanıyıb. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.

Rusiyanın təcavüzü ilə üzləşən Ukrayna 2014-cü ildən başlayaraq MDB-nin tədbirlərini boykot edib və qurumdan ayrılmaq istiqamətində rəsmi qərarlar çıxarıb, 2018-ci il mayın 19-da tam üzülüşüb.

2014-cü ildən Rusiya Ukraynada işğalçı müharibə aparır, həmin il Krım yarımadasını, 2022-ci ildə isə Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

Ukraynaya təcavüz dalğasında Moldova da MDB-dən ayrılmaq yolu tutub, 2026-cı il aprelin 6-da bu barədə rəsmi qərar verib. Üzülüşmə prosesi 2027-ci il aprelin 7-də başa çatacaq.

1990-cı ildə Moldovanın Dnestryanı bölgəsi ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub və o zamandan bəri ərazini nəzarətdə saxlayır.