ABŞ-nin Arkanzas ştatında iki fermerin günəbaxan yetişdirmək qərarı gözlənilməz nəticə verib.
“Sözçü” qəzetinə istinadən, Cotton Plant qəsəbəsində Adam Çepell və Teylor Herren əlavə gəlir əldə etmək məqsədilə ilk dəfə kommersiya üçün günəbaxan əkiblər. Məlumata görə, bitkilərin çiçəkləməsi ilə sahəyə minlərlə arı axışıb. Nektarla zəngin günəbaxanlar arılar üçün mühüm qida mənbəyinə çevrilib. Bildirilir ki, arıların çiçəklər arasında hərəkəti bitkilərin tozlanmasına da kömək edib. Bu proses toxumların yaranmasına və məhsuldarlığın artmasına müsbət təsir göstərib.
Cənubi Dakota Dövlət Universitetinin məlumatına görə, günəbaxan öz-özünə də tozlana bilsə də, arıların çarpaz tozlanmada iştirakı məhsulun keyfiyyətini və məhsuldarlığını yaxşılaşdıra bilər. Fermerlər günəbaxan toxumlarını qida və yağ istehsalında istifadə etmək üçün ABŞ-nin səhər yeməyi məhsulları istehsal edən şirkətlərindən biri ilə əməkdaşlığa başlayıblar.