Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə keçirilən Şəhər Günü tədbirləri çərçivəsində rayonun mərkəzi meydanında xalça və rəsm sərgiləri təşkil olunub.
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, rayonun idarə və müəssisələrinin rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri sərgilərlə tanış olublar.
“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov qonaqlara sərgilər və təqdim olunan layihələr haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Dadaş Məmmədovun müəllifi olduğu “Dirçəliş” layihəsində Azərbaycanın Zəfər tarixinə quruculuq, bərpa və işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi prizmasından yanaşılır. Layihənin əsas ideyası Zəfərin yalnız tarixi hadisə kimi deyil, həm də dağıdılmış şəhərlərin bərpasında, mədəni irsin yenidən canlandırılmasında, yeni yaşayış məkanlarının və infrastrukturun yaradılmasında təzahür etdiyini nümayiş etdirməkdir.
Sona Quliyevanın ideya müəllifi, Dadaş Məmmədovun layihə rəhbəri olduğu “İkinci həyat” layihəsi isə Azərbaycanın ənənəvi xalça sənətini müasir təsviri incəsənətlə birləşdirir. Layihə çərçivəsində köhnə və zədələnmiş Azərbaycan xalçaları rəssamların yaradıcı yanaşması ilə yeni bədii əsərlərə çevrilərək yenidən dəyərləndirilir.
Rəsm sərgisində Qarabağın əsrarəngiz təbiəti, tarixi və memarlıq abidələri əks olunub.
Tədbir çərçivəsində uşaqlar üçün də maraqlı fəaliyyət təşkil edilib. Onlar şəhərin mərkəzi meydanında quraşdırılmış böyük lövhə üzərində müxtəlif eskizləri rəngləyərək yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər. Bayram proqramı çərçivəsində ziyarətçilərə milli mətbəximizin nümunələri də təqdim olunub. Qonaqlar müxtəlif təamların dadına baxıblar.
Təşkil olunan sərgi və interaktiv fəaliyyətlər Kəlbəcər Şəhəri Gününün mədəni proqramına rəng qatmaqla yanaşı, milli-mədəni irsimizin təbliğinə, yaradıcı təşəbbüslərin dəstəklənməsinə və şəhərin mədəni həyatının canlandırılmasına xidmət edib.