“İki ailənin çırağı sönüb.. İki gənc həyatını itirib. Buna necə mənfi rəy yazıb, pis münasibət göstərmək olar? Biz nə vaxtdan belə qəddar olduq?! Gənc bir aparıcımız dünyadan köçdü.. Mən o qızın verilişini izləyirdim. Çox qısa vaxtda aparıcı oldu. Adanın özünü də verilişlərə qonaq çağıranlar çox idi. Çox yüksək səviyyədə də özünü aparıb, gözəl cavablar verirdi. Mən hər iki ailəyə dərin hüznlə başsağlığı verirəm. Eşidəndə halım pis oldu. Ad günü keçir, o cür gül, de, oyna və faciəli şəkildə dünyanı dəyiş.. Nə danışırsınız?! Buna qismətmi deyək?! Nə deyək? Bunun adını tapa bilmirəm. O qız gələcəkdə nələr edəcəkdi kim bilir.. Çox heyif.. Ürəkağrısı ilə deyirəm. Ailəsinin başı sağ olsun.. Allah hər ikisinin ailəsinə səbr versin”
Bunu açıqlamasında Əməkdar artist Kübra Əliyeva deyib.
O daha sonra əlavə edib:
“Bugünlərdə də hansısa türk aktrisası səyahətdən qayıdandan sonra ad gününün səhəri evində vəfat etdi. O mənim yadımdan çıxmırdı.. Hətta dedilər ki, səyahətdə meymun onu cırmaqlayıb, üstünə cumub. Ona qədər yoxladılar, gördülər ki, yox, ölümünə səbəb meymun deyilmiş. Gənclərin ölümü hamını incitməlidir. Hamı bu ölümlərə təəssüflənməlidir. Onların ömrü qabaqda idi. Nələr yaşayacaqdılar kim bilir” deyə sənətkar bildirib.
Kübra Əliyeva gəncləri sükan arxasında diqqətli olmağa çağırıb:
“Bu gün demək olar ki, məni çox yerə oğlum Ayaz aparır. İnanırsız, Ayaz qabaqdakı maşındakı bəyə yaxud xanıma işarə edir ki, telefonu yerə qoysun. Maşın sürür, o vəziyyətdə əlində telefonu götürüb mesaj yazır. Ay balam, maşın sürürsən, nə mesaj yazırsan?! Neçə qız üçün mən siqnallamışam ki, telefonu yerə qoysun. Görüblər Kübra xanımdır, gülümsəyiblər. Maşında gedə-gedə telefonla oynamaq olmaz. An məsələsi var. Əgər o iki gəncin əlində də telefon olmasaydı, maşını yüksək sürətlə sürməsəydilər bu hadisə baş verməyəcəkdi. Yenə də ailələrinin başı sağ olsun” deyə sənətkar bildirib.