İsveçrə və Özbəkistan bir neçə ağır cinayətə görə məhkum edilmiş ölkənin ilk prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın müsadirə edilmiş aktivlərindən daha 252,5 milyon dolların Daşkəndə qaytarılması barədə saziş imzalayıblar. Vəsait məktəblərin tikintisinə və xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara kömək üçün istifadə olunacaq.
Bu barədə Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Özbəkistan və İsveçrə birinci prezidentin qızı Gülnarə Kərimovanın İsveçrədə müsadirə edilmiş aktivlərinin daha bir hissəsinin, ümumilikdə 252,5 milyon dollar dəyərində vəsaitin qaytarılması barədə saziş imzalayıblar", - deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, pullar BMT-nin iştirakı ilə yaradılmış İşonç-2030 (Trust-2030) trest fondunun hesablarına köçürüləcək və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldiləcək.
Mətbuat xidmətinin məlumatına görə, fondun bölüşdürülməsi strategiyasının ikinci mərhələsi ilə bağlı sazişi iqtisadiyyat və maliyyə nazirinin müavini Otabek Fazilkərimov, İsveçrə səfiri Simone Giger və BMT-nin Özbəkistandakı rezident əlaqələndiricisi Sabine Machl imzalayıblar.