D.Peskov:''Rusiya Ukraynada xarici qüvvələrin yerləşdirilməsinə imkan verməyəcək''

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukraynada xarici hərbi birləşmələrin yerləşdirilməsinə imkan verməyəcəyini bəyan edib.

O, bu fikirləri Moskvada jurnalistlərin cari məsələlərlə bağlı suallarını cavablandırarkən səsləndirib.

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun atəşkəs əldə olunmazdan əvvəl Avropa qoşunlarının Ukraynaya göndərilməsi barədə açıqlamasına münasibət bildirən Peskov deyib: “Ukraynada xarici hərbi birləşmələrin yerləşdirilməsi Rusiya tərəfi üçün tamamilə qəbuledilməzdir’’.

Dmitri Peskov qeyd edib ki, Conson Ukrayna böhranının həlli prosesində dağıdıcı rol oynayıb və müharibənin 2022-ci ildə başa çatmasına mane olub.

Peskov Avropa nümayəndələrinin Moskvaya səfəri ilə bağlı heç bir irəliləyişin olmadığını deyib və Ukrayna böhranının nizamlanmasına dair danışıqların məzmununu açıqlamaq istəmədiklərini bildirib.

Ukraynanın Liviya ərazisində Rusiya yük və hərbi gəmilərinə hücumlarından sonra Liviyanın cavab tədbirləri görmək planını şərh edən Peskov bildirib ki, belə hallarda hər bir dövlətin cavab vermək hüququ var.

Peskov Rusiya Müdafiə Nazirliyinin bu hücumlarda yaralanan vətəndaşların sayından xəbərdar olduğunu bildirib. O, Rusiyanın xarici limanlarda Ukrayna gəmilərinə zərbə endirmək ehtimalı ilə bağlı suala isə belə cavab verib: “Ukraynada aparılan xüsusi hərbi əməliyyat çərçivəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün hər şey edilir”.