Fransanın ədliyyə naziri Jerald Darmanin xəbərdarlıq edib ki, 2027-ci il prezident seçkilərinin ikinci turunda sağçı və solçu namizədlər Marin Le Pen və Jan-Lük Melanşon arasında mübarizə ölkədə vətəndaş müharibəsi həddinə qədər çata bilər.
Bu barədə nazir "France Inter" radiosuna müsahibəsində deyib.
"Xanım Le Pen və ya cənab Melanşonun qələbəsi ölkəmizi dağılmağa və vətəndaş müharibəsinin həddinə çatdırmağa aparardı",- deyə o bbildirib.
Daha sonra aparıcının bu iki namizəd ikinci tura çatmazdan əvvəl vətəndaş müharibəsi təhlükəsinin yarana biləcəyi barədə sualına nazir "hər şey mümkümdür" cavabını verib.
O qeyd edib ki, milli konsensus baxımından bu namizədlərin ikinci tura yüksəlməsi Avropanı sarsıdacaq iqtisadi və geosiyasi bir faciə olardı.
Ədliyyə naziri Fransa siyasətinin əks tərəflərindəki iki namizəd arasında seçimin ölkə vətəndaşları arasında son dərəcə güclü reaksiya doğura biləcəyindən narahatlığını ifadə edib. Darmanin qarşıdan gələn səsvermədə belə bir ssenarinin qarşısını almaq üçün bütün səylərini əsirgəməyəcəyinə söz verib.