AFFA Araz Bağırovla Yunis Hüseynovu cəzalandırdı

Misli premyer-liqasının 12-ci turunda “Şamaxı” və “Turan Tovuz” məşqçilərin rəqibi təhqir etməsi və futbolçularının təcavüzkar davranışına görə cərimələniblər.

Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Noyabrın 21-də keçirilən “Şamaxı” - “Turan Tovuz” matçının ilk hissəsindən sonra hər iki komandanın məşqçisi rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən Araz Bağırov və Yunis Hüseynov hər biri 3 oyunluq cəzalandırılıb. Həmçinin klubların hər biri 8000 manat cərimə olunub.

Həmin görüşün 75-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. O, 1-i şərti olmaqla 3 oyunluq cəzalandırılıb. Tovuz təmsilçisi isə 3000 manat cərimələnib. Futbolçuya 6 aylıq sınaq müddəti təyin edilib.

Noyabrın 20-də keçirilən “Sumqayıt” – “Sabah” matçının 33-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Lukas Blek ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. “Sumqayıt” 500 manat cərimə olunub.