Rusiyanın Voronej şəhərində azərbaycanlı sahibkar Yusif Xəlilovun daşınmaz əmlakı ətrafında mübahisə məcburi icra mərhələsinə keçib.
Şəhər hakimiyyəti “Yardı Superbar” restoranının yerləşdiyi torpaq sahələrinin açıq hərrac yolu ilə müsadirə edilməsini və 6 milyon rublu ötən dəbbə pulunun tutulmasını tələb edir.
Yeniseyskaya küçəsində, Petrovski sahilboyu ərazisinin yaxınlığında yerləşən tikililər kompleksinə restoran binası (1,2 min kvadratmetrdən çox), ikimərtəbəli qaraj (334,4 kvadratmetr) və təsərrüfat tikilisi daxildir. Sənədlərdə fərdi yaşayış evi kimi göstərilən ərazidə, şəhərin mədəni təbəqəsi daxilində kommersiya obyekti inşa edilib.
2025-ci ilin sentyabrında Voronej vilayətinin Arbitraj Məhkəməsi meriyanın iddiasını təmin edərək Xəlilovu tikililəri öz hesabına sökməyə məcbur edib. Apellyasiya instansiyası və kassasiya məhkəməsi 2026-cı ilin iyununda bu qərarı qüvvədə saxlayıb.
Regional Federal Məhkəmə İcraçıları Xidmətinin 2026-cı il noyabrın sonuna olan məlumatına görə, obyektin sahibi məhkəmə icraçılarının tələblərinə cavab vermir və söküntüyə başlamır. Bina artıq kommunal xidmətlərdən ayrılıb. Noyabrda məhkəmə icraçıları qaz təchizatının dayandırılması barədə qərar göndəriblər. Hazırda bina tədricən baxımsız vəziyyətə düşüb.
Məhkəmə qərarının icrasının hər gecikdirilən gününə görə sahibkara 30 min rubl məbləğində məhkəmə dəbbə pulu hesablanır. 2026-cı il noyabrın sonuna borcun məbləği 6 milyon rublu ötüb.
Bundan başqa, şəhər administrasiyası Xəlilovdan restoranın yerləşdiyi iki torpaq sahəsinin alınması və açıq hərracda satılması ilə bağlı iddia qaldırıb. İşə 2026-cı ilin dekabr ayının ortalarında baxılması nəzərdə tutulur.
Bununla yanaşı, hakimiyyət orqanları sahibkarın Donbasskaya küçəsində yerləşən digər obyekti, “Fort” restoranı üzərindəki hüquqlarına da etiraz edir. 2026-cı ilin yayında Voronej Vilayət Məhkəməsi prokurorluğun yoxlamasının nəticələrinə əsasən, 2007-ci ildə Xəlilovun restoran binasına mülkiyyət hüququnu tanıyan qərarı ləğv edib.
Mülki iş yenidən baxılması üçün Voronejin Leninski rayon məhkəməsinə göndərilib. Sahibkarın aktivlərinə təzyiq 2025-ci ilin yayında, onun külli miqdarda rüşvət verməkdə şübhəli bilinərək saxlanılmasından sonra başlayıb. Xəlilov Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi ilə ittiham olunub, lakin sonradan istintaq təcridxanasından azad edilib.
Restoranlarla yanaşı, Xəlilovun adı Voronejdəki iri ərzaq bazarı olan Alekseyevski bazarı ilə də əlaqələndirilir. 2026-cı ildə həmin bazarın ərazisindəki əsaslı tikililərin sökülməsi barədə qərarların icra edilməməsi səbəbindən onun fəaliyyəti də dayandırılmışdı.