Külli miqdarda mənimsəmədə təqsirləndirilən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov son sözə hazır olmadıqları üçün məhkəmədən vaxt istəyiblər.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Raqif Abbasov məhkəməyə vəsatət təqdim edib.
O, vəsatətində cinayət işi üzrə müəyyən sənədlərin ekspertizaya göndərilməsini və yenidən yoxlanılmasını xahiş edib.
Məhkəmə eyni məzmunlu vəsatətin əvvəlki iclaslarda da verildiyini əsas gətirərək onu təmin etməyib.
Daha sonra çıxış üçün vəkillərə söz verilib.
Hər iki təqsirləndirilən şəxsin vəkili müvəkkillərinə bəraət verilməsini xahiş edib.
Onlar müvəkkillərinin təqsirsiz olduqlarını və rəhbərliyin tapşırıqlarını icra etdiklərini bildiriblər.
Təqsirləndirilən şəxslər son söz deməyə hazır olmadıqlarını əsas gətirərək məhkəmədən vaxt istəyiblər.
Növbəti iclas dekabrın 2-nə təyin olunub.
Qeyd edək ki, onlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi əsasında məsuliyyətə cəlb olunublar.
Raqif Abbasov və Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə – xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Gənclər və İdman Nazirliyi tanınıb.