Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisinin vəsatəti təmin edilmədi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Eldəniz Qulamovun yeni vəkili Faiq Nəcəfovun işdə iştirak etməsi barədə qərar qəbul edilib.

Daha sonra Raqif Abbasovun müxtəlif instansiyalara ünvanladığı müraciətlərin məhkəməyə daxil olduğu elan olunub. Hakim deyib ki, Abbasov bütün sənədlərdə işinə obyektiv baxılmasını istəyib. Müraciətlərin cinayət işinə əlavə olunması barədə qərar qəbul edilib.

Raqif Abbasovun vəsatətində cinayət işinin materiallarında olan sənədlərin ekspertizaya göndərilməsi və yenidən yoxlanılması istənilib. Həmçinin əlavə ekspertiza təyin olunması xahiş edilib. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra Eldəniz Qulamovun vəkili müdafiə nitqi ilə çıxış edib. O deyib ki, müvəkkili dövlət qulluqçusu olub, rəhbərliyin tapşırıqlarını icra edib. Vəkil müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Raqif Abbasovun vəkili də çıxışında müvəkkilinin təqsirsiz olduğunu, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Eldəniz Qulamov və Raqif Abbasov son sözə hazırlaşmaq üçün vaxt istəyiblər.

Növbəti proses dekabrın 2-də davam edəcək.

Qeyd edək ki, bundan əvvəlki iclasda çıxış edən prokuror Raqif Abbasov və Eldəniz Qulamovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

R.Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.