Yaxın bir neçə ildə süni intellekt Azərbaycanda çağrı mərkəzlərində və digər operator vəzifələrində təkrarlanan işlərin bir hissəsini avtomatlaşdıra bilər. Tibb və layihə idarəçiliyi kimi sahələrdə isə bu texnologiyadan istifadə mütəxəssislərə işlərini daha səmərəli görməyə imkan verə bilər.
Bunu Milli Süni İntellekt Mərkəzinin nəzdində fəaliyyət göstərən "AI Academy"nin müəllimi Cem Sertdağ akademiyanın təşkil etdiyi tədbir çərçivəsində Trend-ə açıqlamasında bildirib. Görüşdə universitet nümayəndələri, akademiyanın təlimçiləri, eləcə də insan kapitalı, süni intellekt transformasiyası və idarəetməsi sahələrinin nümayəndələri iştirak ediblər.
C.Sertdağın sözlərinə görə, əvvəlcədən müəyyən edilmiş məlumat əsasında standart sualları cavablandıran çağrı mərkəzi əməkdaşlarının gördüyü işlər avtomatlaşdırmaya daha açıqdır. O hesab edir ki, yaxın illərdə bu dəyişiklik həm Azərbaycanda, həm də Türkiyədə müşahidə oluna bilər.
Mütəxəssis bildirib ki, həkimlər, tibb bacıları və digər tibb işçiləri süni intellektdən istifadəni öyrənməklə işlərini təkmilləşdirə bilərlər. Layihə rəhbərləri isə bu alətlərdən düzgün istifadə etməklə daha qısa müddətdə daha keyfiyyətli nəticələr əldə edə bilərlər.
C.Sertdağ qeyd edib ki, ənənəvi təhsil müəssisələrində yeni texnologiyalara uyğunlaşmaq bir neçə il çəkə bilər. "AI Academy" isə tədris proqramını daha qısa müddətdə yeniləyə bilir. Onun sözlərinə görə, akademiya ikinci qrup üçün birinci qrupun tədris proqramının təxminən 10 faizini dəyişib, üçüncü qrupun proqramına da yeniliklər daxil edib.
Akademiyanın süni intellekt mühəndisliyi proqramına hər qrup üzrə orta hesabla 3 min müraciət daxil olur. İlkin yoxlamadan sonra təxminən 2 500 namizəd baza riyaziyyatı və ingilis dili üzrə onlayn imtahan verir. Ən yüksək nəticə göstərən 300 namizəd ali riyaziyyat üzrə əyani imtahana buraxılır. Onlardan 200 nəfər müsahibəyə dəvət olunur və yekunda 100 nəfər proqrama qəbul edilir.
On aylıq proqramın ilk dörd ayı riyaziyyata ayrılır. Sonrakı mərhələlərdə Python dilində proqramlaşdırma, maşın öyrənməsi və dərin öyrənmə tədris olunur. Proqram ümumilikdə 250 saatdan çox dərsi əhatə edir.
2025-ci ilin sentyabrında təhsilə başlayan ilk qrupdan 57 nəfər məzun olub. C.Sertdağın sözlərinə görə, onların 61 faizi hazırda çalışır. İkinci qrup təhsilini dekabrda başa vuracaq və dekabrın 25-də məzun günü keçiriləcək. Üçüncü qrup artıq təhsilə başlayıb, növbəti qrupun isə 2027-ci ilin fevralında təhsilə başlaması planlaşdırılır.
Akademiya növbəti qəbul çərçivəsində universitetlərlə əməkdaşlıq edərək potensiallı tələbələri müəyyənləşdirməyi və şirkətlərdə karyerasının başlanğıc mərhələsində olan əməkdaşlara süni intellekt mühəndisliyi üzrə bacarıqlar qazandırmağı hədəfləyir.
"AI Academy" ilk regional proqramını Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirəcək. Hazırlıq mərhələsində universitetin seçilmiş müəllimlərinə təlim keçirilir. Proqram regionda süni intellekt üzrə bilik və bacarıqları inkişaf etdirməyi və yerli istedadlar üçün yeni təhsil imkanları yaratmağı hədəfləyir. Naxçıvan modelinin gələcəkdə Azərbaycanın digər bölgələrində də tətbiqi nəzərdə tutulur.