Bu gün metro və avtobusla gediş 1 qəpik olacaq

Bu gün “Sabah” - “Barselona” oyunu ilə bağlı ictimai nəqliyyatda gediş 1 qəpik olacaq.

“BakıKart” və Mastercard UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verib.

Kampaniya çərçivəsində noyabrın 25-də saat 18:00-dan 01:00-dək Mastercard kartları ilə təmassız (NFC) ödəniş edən sərnişinlər ictimai nəqliyyatdan cəmi 1 qəpiyə (0,01 AZN) istifadə edə biləcəklər.

Güzəşt yerli və xarici banklar tərəfindən emissiya edilmiş Mastercard kartları ilə "Apple Pay" və "Google Pay" vasitəsilə aparılan təmassız (NFC) ödənişlərə şamil olunur.

Kampaniya Bakı ərazisində NFC ödənişlərinin mümkün olduğu metro və avtobusları əhatə edir. Müəyyən edilmiş saatlar ərzində güzəştli gedişlərin sayına məhdudiyyət tətbiq edilmir.

Təşəbbüsün əsas məqsədi futbol azarkeşlərinin gediş-gəlişini daha sərfəli etmək, ictimai nəqliyyatdan istifadəni və təmassız ödənişləri təşviq etməkdir.