“Gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq” kampaniyası ilə əlaqədar Ombudsman videomüraciət yayımlayıb.
Müraciətdə deyilir:
Hörmətli həmvətənlər, əziz dostlar!
Hər il noyabrın 25-dən dekabrın 10-dək ölkəmiz qlobal miqyasda qeyd olunan “Gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq” beynəlxalq kampaniyasına qoşulur.
Builki kampaniyanın şüarı budur: “Qadınlara və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək: Ədaləti bərqərar edək, zərərçəkənləri müdafiə edək, cəzasızlığa son qoyaq!”
Qadın və qızlara qarşı zorakılıq fərdi və ya ailədaxili məsələ deyil, insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu cür hallar şəxsiyyətin toxunulmazlığına qəsd etməklə yanaşı, bütövlükdə cəmiyyətin sabitliyini və mənəvi sütunlarını sarsıdır.
İnsan Hüquqları üzrə Müvəkkil olaraq bəyan edirəm ki, fiziki, psixoloji, iqtisadi və ya rəqəmsal olmasından asılı olmayaraq, zorakılığın heç bir formasına bəraət qazandırıla bilməz və bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır.
Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planında qarşıya qoyulmuş hədəflərə nail olmaq məqsədilə hər birimiz imkanlarımızı səfərbər etməliyik. Eyni zamanda, mən gender əsaslı zorakılığın bütün formalarının qarşısını almaq üçün mediaya çağırış etmək istərdim. Gender bərabərliyi mədəniyyətini daha geniş təbliğ etmək və cəmiyyətdə bu yanaşmanın kök salmasını təmin etməklə zorakılıq hallarının minimuma endirilməsinə töhfə verə bilərik.
Zorakılıqdan zərər çəkmiş hər bir şəxs maksimum müdafiə və hərtərəfli qayğı ilə təmin olunmalı, onların ədalətli mühakimə hüququna zəmanət verilməli, təqsirkarlar məsuliyyətə cəlb olunmaqla cəzasızlıq mühitinə son qoyulmalıdır. Qanunun aliliyini tam təmin etmək bizim əsas vəzifəmizdir.
Əgər zorakılıqla üzləşmisinizsə və ya yaxınlığınızda kiminsə bu cür hallardan əziyyət çəkdiyini bilirsinizsə, biganə qalmayın. Hüquq-mühafizə orqanlarına və ya Ombudsmanın “916” Çağrı Mərkəzinə müraciət edin.
Məqsədimiz cəmiyyətdə aqressiv davranışların hər bir təzahürünə qarşı qətiyyətli bir yanaşma formalaşdırmaqdır. Yalnız birgə hərəkət edərək - hüquqi mexanizmləri gücləndirməklə və vətəndaş həmrəyliyi nümayiş etdirməklə - qadın və qızlarımız üçün təhlükəsiz və ədalətli bir gələcək qura bilərik.