Son dövrlərdə Azərbaycan yollarında, xüsusilə də Bakıda Çin istehsalı olan BYD avtomobillərinin sayı sürətlə artmaqdadır. Paralel olaraq Avropadan yayılan məlumatlar bu brendin perspektivləri ilə bağlı müzakirələrə səbəb olub. Belə ki, Haaqa məhkəməsi BYD-nin "Ti7" modelinin "Land Rover Defender"in dizayn hüquqlarını pozduğuna dair qərar çıxararaq onun Avropa İttifaqı məkanında istehsalını və satışını müvəqqəti dayandırıb.
Bu vəziyyət ölkəmizdə geniş yayılan Çin avtomobillərinə yanaşmanın dəyişib-dəyişməyəcəyi sualını aktuallaşdırıb. Eyni zamanda, sözügedən məhkəmə qərarının Azərbaycanda BYD modellərinin satış həcminə, qiymət siyasətinə və ümumi bazar mövqeyinə təsir edib-etməyəcəyi maraq doğurur.
Mövzu ilə bağlı fikirlərini Oxu24.com-la bölüşən avtomobil məsələləri üzrə mütəxəssis Sahil Ağabəyli iddianın mahiyyətinə və mümkün nəticələrə aydınlıq gətirib.
Mütəxəssis bildirib ki, Avropa bazarında BYD şirkətinin "Ti7" modelinə qarşı iddianın qaldırılması onun "Land Rover Defender" ilə dizayn bənzərliyi və hüquqların pozulması iddiası ilə bağlıdır. Onun sözlərinə görə, bu hal BYD markasının geri çəkilməsi kimi qiymətləndirilməməlidir, çünki məsələ avtomobilin keyfiyyəti və ya təhlükəsizliyi ilə yox, yalnız dizaynla əlaqədardır.
Ağa Hacıbəyli qeyd edib ki, dizayn baxımından irəli sürülən bu iddia Avropa tərəfinin məsələsidir və Azərbaycandakı vəziyyətə heç bir halda — hətta bir faiz belə — təsir edə bilməz; nə satışlara, nə də ölkə daxilində idarə olunan avtomobillərə təsiri mümkündür:
“Bu addımın arxasında Avropanın müəyyən mənada paxıllığı dayanır, çünki Avropa istehsalçılarının avtomobilləri dünyada bir pillə geridə qalmış kimi qəbul edilir”.
Mütəxəssis vurğulayıb ki, məhkəmə prosesində "Defender"ə bənzər modelin dayandırılması ilə bağlı qərar çıxa bilsə belə, BYD-nin dünyada səs salan və bazar iddiası ilə seçilən onlarla fərqli modeli mövcuddur. O, həmçinin son dövrlərdə Çin avtomobillərinin Avropaya rəsmi daxil olmasının zavod rəhbərliklərini gəlirlərinin azalması ehtimalı ilə bağlı narahat etdiyini və bu cür addımların da məhz bununla əlaqəli ola biləcəyini söyləyib. Sonda mütəxəssis qeyd edib ki, oxşarlıq iddiası təsdiqlənərsə, müvafiq model dayandırıla bilər, lakin BYD-nin həm Azərbaycanda, həm də qlobal bazarda satışı yüksək səviyyədə olan çoxsaylı modelləri var.