Məlum olduğu kimi, noyabrın 22-də İstanbulun Sarıyer rayonunun Üskümrüköy məhəlləsində şir görüldüyü barədə informasiyalar yayılıb. İdman obyektlərinin yuxarı hissəsində yerləşən meşəlik ərazidə yırtıcı heyvanın müşahidə edilməsi ilə bağlı siqnaldan dərhal sonra Doğa Qoruma və Milli Parklar, jandarma, AFAD və bələdiyyənin baytarlıq qrupları ərazidə genişmiqyaslı axtarış əməliyyatına başlayıb.
Ərazi termal kameralı dronlarla havadan, xüsusi qruplar tərəfindən isə qurudan yoxlanılıb, meşəliyə yem qoyularaq hərəkət sensorlu fototələlər quraşdırılıb. Lakin aparılan intensiv çöl-axtarış işləri zamanı ərazidə şirin olmasına dair heç bir konkret sübuta, ayaq izinə və ya fototələ görüntüsünə rast gəlinməyib. Növbəti gün qurumlara təqdim olunan və fərqli bucaqlardan çəkilmiş daha aydın kadrların ekspertizası nəticəsində İstanbul Valiliyi görüntülərdəki heyvanın şir olmadığını rəsmən elan edib. Bununla da bölgədəki fövqəladə vəziyyət ləğv olunub və sakinlərə edilən ehtiyatlılıq çağırışları qüvvədən düşüb, lakin qurumların hər hansı yeni siqnala qarşı hazır vəziyyətdə saxlandığı bildirilib.
Bəs İstanbul sakinlərinin uzaqdan şirə bənzətdiyi heyvan əslində hansı növ ola bilər? Türkiyənin Vəhşi Təbiət Komissiyasının üzvü Serhan Coşkun noyabrın 24-də “A Haber” telekanalına açıqlamasında görüntülərdəki canlının qamışlıq pişiyi (saz kedisi) və ya çöl pişiyi (yaban kedisi) ola biləcəyini bildirib. Onun sözlərinə görə, İstanbul ətrafındakı təbii ərazilərdə rast gəlinən bu vəhşi pişik növləri adi ev pişiklərindən xeyli iri ölçüləri ilə fərqlənir. Mütəxəssis hesab edir ki, sakinlər heyvanı ilk dəfə gördükləri və ona uzaqdan baxdıqları üçün ölçüsünü səhv qiymətləndirərək şirə bənzədiblər.
Qeyd edək ki, qamışlıq pişiyi (Felis chaus) əsasən qamışlıqlarda, bataqlıqlarda və su hövzələrinin yaxınlığında yaşayır. Uzunayaqlı, incə bədən quruluşuna və iri qulaqlara malik olan bu növün kürkü, adətən, sarımtıl-boz və ya qum rəngində olur.
Şəkildə: Qamışlıq pişiyi
Çöl pişiyi (Felis silvestris) isə meşəlik və kolluq ərazilərdə məskunlaşır, ev pişiyindən daha iri və əzələli bədən quruluşu, sıx tükləri, həmçinin qalın və halqalı quyruğu ilə seçilir.
Şəkildə: Çöl pişiyi
Ekspert rəyinə əsasən, sakinlərin şir hesab etdiyi heyvan məhz bu iki növdən biri ola bilər. Bununla belə, rəsmi qurumlar tərəfindən heyvanın konkret növü hələ müəyyənləşdirilməyib.
Hadisə ilə bağlı daha bir diqqətçəkən məqam heyvanın mənşəyi və kimə məxsus ola biləcəyi məsələsidir. Sarıyer Bələdiyyəsinin sədri Mustafa Oktay Aksu müşahidə kameralarının görüntülərində heyvanın toyuqların yanından keçdiyini, lakin onlara toxunmadığını açıqlayıb. Bu detal onun təbiətdə deyil, ev şəraitində böyüdülmüş və ya qəfəsdə saxlanmış heyvan ola biləcəyi ehtimalını gündəmə gətirib. Türkiyə mətbuatının məlumatına görə, İstanbul Prokurorluğu da heyvanın kimə məxsus olduğunu və haradan qaçmış ola biləcəyini müəyyənləşdirməyə çalışır.