1,3 milyon üzvü olan “Teamsters” həmkarlar ittifaqı ABŞ Konqresindən Çin avtomobillərinə qarşı daimi qadağanın qəbulunu tələb edib.
Ittifaqın prezidenti Sean O'Brien Çin avtomobil istehsalçılarının ABŞ-nin milli təhlükəsizliyi və yerli avtomobil sənayesi üçün ciddi təhlükə yaratdığını bildirib.
Senatın Ticarət Komitəsinin təsdiqlədiyi qanun layihəsi Çin şirkətlərinin 15 faizdən çox paya sahib olduğu müəssisələrin ABŞ-də avtomobil satmasını qadağan etməyi nəzərdə tutur. Respublikaçı senator Bernie Moreno layihənin böyük ölçüdə hazır olduğunu və yaxın günlərdə səsverməyə çıxarıla biləcəyini açıqlayıb.
Yeni qanun “Mercedes-Benz” və “Volvo” kimi Çin investisiyası olan markalara da təsir edə bilər. Lakin Moreno hər iki şirkətin qadağadan kənarda qalacağını bildirib.
Hazırda Çin istehsalı elektrik avtomobillərinə ABŞ-də ümumilikdə 127,5 faiz gömrük rüsumu tətbiq olunur. Bundan əlavə, 2027-ci model ilindən etibarən Çinlə əlaqəli müəyyən proqram təminatı və avadanlıqlardan istifadə edən avtomobillərin satışı da məhdudlaşdırılır.
Qanun layihəsinin qəbul edilməsi Çin avtomobil istehsalçılarının ABŞ bazarına girişini daha da çətinləşdirəcək.