“TRİPP layihəsi Azərbaycan və Ermənistan arasında aparılan vacib layihədir və kənar ölkələr buna müdaxilə edə bilməz”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat İran Ali Dini Liderinin baş müşaviri Məhəmməd Moxberin Zəngəzur dəhlizini “saxta dəhliz” adlandırmasını sərt tənqid edərək İran rəsmilərinin Azərbaycan və Ermənistan arasında aparılan layihələrə qarışmaq hüququ olmadığını bildirib:
“Biz ilk dəfə deyil ki, İran rəsmilərinin bu cür açıqlamalar verdiyinin şahidi oluruq. Bu cür açıqlamaların verilməsi ənənəvi xarakter alıb. Məsələnin maraqlı tərəfi odur ki, Azərbaycan və Ermənistan arasında müharibə olmamışdan öncə də dəmir yolu, avtomobil yolu vardı. Hazırda bu layihə onların bərpasından bəhs edir. Bu layihələr öncədən də İranın sərhədindən keçirdi, hələ də onun izləri qalır. Digər vacib məsələ odur ki, bu layihələr İran ərazisində yox, Azərbaycan ərazisində icra olunur. Bu, birbaşa İran–Ermənistan arasında deyil, Azərbaycan və Ermənistan arasında olan layihədir. Bu layihədə İrana aid heç bir məsələ yoxdur”.
Deputat İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına işarə edərək bu münasibətləri pozmaq üçün ciddi cəhdlər edildiyini qeyd edib:
“Nə vaxt İrana aidiyyəti olan məsələ olarsa, o zaman əziyyət çəkib açıqlama verərlər. Bu cür təxribatları dayandırmaq lazımdır. Bizim hazırda münasibətlərimiz müəyyən qədər normallaşıb. Kimlərsə bu münasibətlərin yenidən gərginləşməsini istəyirlər. Bu cür açıqlamalara son qoymaq lazımdır, belə açıqlamalar həyata keçirilən layihələrin qarşısını ala bilməz. Bu, ölkələrimiz arasında aparılan önəmli layihədir və heç kim müdaxilə edə bilməz”.