İşçini 8 saatdan çox işlədən müdirləri bu cəzalar gözləyir

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtı 8 saatdan artıq ola bilməz.

İşçini qanunla müəyyən edilmiş hallardan kənar, yazılı razılığı və əmr olmadan 8 saatdan çox işlətmək, eləcə də dalbadal gələn iki iş günü ərzində 4 saatdan (ağır və zərərli işlərdə 2 saatdan) artıq işə cəlb etmək (Maddə 100) əmək qanunvericiliyinin kobud şəkildə pozulması hesab olunur. Bundan əlavə, qanuni əsaslarla əlavə işə cəlb edilən işçiyə Əmək Məcəlləsinin 165-ci maddəsinə uyğun olaraq hər əlavə saat üçün ən azı ikiqat əməkhaqqı ödənilməlidir və bunun əlavə istirahət günü ilə əvəz edilməsi qadağandır.

Bu tələbləri pozan işəgötürənləri və vəzifəli şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr gözləyir. Belə ki, Məcəllənin 198.1.5-ci maddəsinə (normal əmək və istirahət rejiminə riayət edilməməsi və əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi) əsasən 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir. Əgər işəgötürən artıq iş saatlarına görə işçiyə qanunla nəzərdə tutulmuş ikiqat əməkhaqqını ödəməkdən yayınarsa, bu halda İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi (əməkhaqqının hesablanması və ödənilməsində qanun pozuntularına yol verilməsi) tətbiq olunur və vəzifəli şəxslər əlavə olaraq 700 manatdan 1500 manatadək cərimələnirlər.