Almaniya XİN rəhbərindən Putinə çağırış: Müharibəni dayandırın!

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiya Prezidenti Vladimir Putini Ukraynada hərbi əməliyyatları dayandırmağa və sülh danışıqlarına başlamağa çağırıb.

Nazir bu barədə Berlində keçirilən NATO Parlament Assambleyasının iclasında çıxışı zamanı bildirib.

“Cənab Putin, bu müharibəni dayandırın, danışıqlar masası arxasına əyləşin və Avropada sülhü bərqərar edin”, – deyə Vadeful ingilis dilində səsləndirdiyi müraciətində vurğulayıb.

Almaniya XİN rəhbəri bununla da Rusiya-Ukrayna müharibəsinin diplomatik yollarla həllinə çağırış edib.

Nazir həmçinin vurğulayıb ki, Ukraynada davamlı sülhün təmin edilməsi üçün Rusiya ciddi danışıqlara hazır olduğunu nümayiş etdirməlidir. Onun sözlərinə görə, Almaniya Ukraynaya dəstəyini davam etdirəcək və Avropanın təhlükəsizliyi ilə bağlı müzakirələrdə Avropa ölkələri də iştirak etməlidir.