Rusiya ilə Estoniya arasında diplomatik gərginlik daha da artıb. Estoniya hökumətinin Rusiya ilə quru sərhədini tamamilə bağlamaq qərarından sonra Moskva rəsmi Tallinə etirazını bildirib.
Rusiyanın Xarici İşlər Nazirliyi Estoniyanın müvəqqəti işlər vəkili Marek Yuхteqini nazirliyə çağırıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Diplomatın XİN-ə çağırılmasına səbəb Estoniya hökumətinin dekabrın 1-dən etibarən Rusiya ilə sərhəddə fəaliyyət göstərən bütün avtomobil və piyada keçid məntəqələrini bağlamaq qərarı olub.
Qərara əsasən, “Narva-1”, “Narva-2”, “Koydula”, “Luhamaa” və “Saatse” sərhəd-keçid məntəqələrinin fəaliyyəti tamamilə dayandırılacaq.
Mariya Zaxarova Estoniyanın bu addımını açıq şəkildə qarşıdurmaya yönəlmiş qərar kimi qiymətləndirib. Onun sözlərinə görə, Tallinin məqsədi Baltik regionunda vəziyyəti maksimum dərəcədə gərginləşdirməkdir.
Rusiya XİN rəsmisi bildirib ki, Estoniya hökuməti sərhədlərin bağlanması barədə qərarı Moskva ilə heç bir məsləhətləşmə aparmadan, tələsik şəkildə qəbul edib.
Zaxarovanın sözlərinə görə, bu addım Estoniyada yaşayan rusiyalı soydaşların hüquqlarını pozmaqla yanaşı, ölkənin sərhədyanı bölgələri üçün ciddi sosial-iqtisadi nəticələrə səbəb ola bilər.
Qeyd edək ki, Estoniya hökuməti sərhədlərin bağlanmasını milli təhlükəsizlik maraqları ilə əsaslandırır.
Belə ki, Estoniyanın xüsusi xidmət orqanları Tallinn yaxınlığında yerləşən və pilotsuz uçuş aparatları istehsal edən “Threod Systems” müdafiə müəssisəsinə qarşı planlaşdırıldığı iddia olunan təxribatın qarşısının alındığını açıqlayıb. Estoniya tərəfi hadisənin arxasında Rusiyanın hərbi kəşfiyyatının dayandığını iddia edir.
Estoniyanın Baş naziri Kristen Mixal isə bildirib ki, şübhəli şəxslərdən ibarət qrupun saxlanılmasından sonra ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə Rusiya ilə quru sərhədinin ən azı altı ay müddətinə bağlanması qərara alınıb.
Bununla belə, iki ölkə arasında dəmir yolu vasitəsilə yükdaşımalar davam etdiriləcək. Lakin həmin daşımalar gücləndirilmiş gömrük nəzarəti altında həyata keçiriləcək.
Beləliklə, Estoniyanın sərhədləri bağlamaq qərarı Moskva ilə Tallinn arasında onsuz da gərgin olan münasibətlərdə yeni diplomatik qarşıdurmaya səbəb olub.