Minimum əməkhaqqı artaraq bu qədər olacaq

2027-cü ildə minimum əmək haqqının artırılması gözlənilir. Növbəti ilin dövlət büdcəsində sosial xərclər üçün 18,6 milyard manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 1,6 milyard manat və ya 9,2 faiz çoxdur.

Millət vəkili Aydın Hüseynovun sözlərinə görə, artım əməkhaqlarını, pensiyaları və sosial müavinətləri əhatə edə bilər.

Yeni qaydalara əsasən, minimum əmək haqqına ildə ən azı bir dəfə yenidən baxılacaq.

Hazırda ölkədə minimum əmək haqqı 400 manatdır və son iki ildə dəyişməyib. İqtisadçıların fikrincə, yeni məbləğ müəyyənləşdirilərkən inflyasiya, əmək məhsuldarlığı, məşğulluq və orta aylıq əməkhaqqının dinamikası nəzərə alınmalıdır.

Ekspert Xalid Kərimli bildirir ki, minimum əmək haqqının düşünülməmiş artırılması inflyasiyanı sürətləndirə və qeyri-rəsmi məşğulluğu artıra bilər.

Ekspertlərin ilkin qiymətləndirmələrinə görə, 2027-ci ildə minimum əmək haqqının 10-15 faiz artırılması mümkündür. Bu halda məbləğ 440-460 manat arasında ola bilər. Artım yalnız dövlət sektoruna deyil, özəl sektora da təsir edəcək. Çünki sahibkarların sosial sığorta ödənişləri minimum əmək haqqı əsasında hesablanır. Yeni məbləğlə bağlı qərarın dekabrın sonunda verilməsi gözlənilir.

Ətraflı "ATV"-nin videomaterialında: