Elektroenergetika sahəsində səmərəliliyinin araşdırılması məqsədilə Komissiya yaradılıb

Elektroenergetika sahəsində bir sıra istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin araşdırılması məqsədilə Komissiya yaradılıb.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə sərəncam verib.

Sərəncama əsasən, elektroenergetika sisteminin mövcud potensialının və infrastruktur imkanlarının, enerji sistemində paralel iş rejiminin təşkili, elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində mövcud vəziyyətin araşdırılması, bu sahələrin inkişafı üzrə zəruri tədbirlərin müəyyən edilməsi, kiçik su elektrik stansiyalarının tikintisi və istismarının effektivliyinin təhlili, habelə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin, o cümlədən maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb:

Komissiyanın sədri

Azərbaycan Respublikasının energetika naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini

Azərbaycan Respublikası Baş nazirinin köməkçisi.

Komissiyaya tapşırılıb ki, beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə 2 ay müddətində:

- ölkənin enerji təhlükəsizliyi də nəzərə alınmaqla elektroenergetika sisteminin

mövcud potensialının və infrastruktur imkanlarının, enerji sistemində paralel iş rejiminin

vəziyyətini araşdırsın;

- elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində mövcud vəziyyəti

təhlil etsin və onun inkişafı üzrə tədbirləri müəyyən etsin;

- kiçik su elektrik stansiyalarının tikintisinin və istismarının səmərəliliyini araşdırsın;

- “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar

Cəmiyyətinin fəaliyyətinin, o cümlədən maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə

mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsini həyata keçirsin;

- zərurət olduqda, aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərini

Komissiyanın işinə cəlb etsin;

- Araşdırma və təhlil nəticələrinə dair məlumatları və təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

Komissiyanın fəaliyyətinə lazımi kömək göstərilməsini, onun müraciəti əsasında zəruri

məlumatların və sənədlərin təqdim olunmasını təmin etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.