Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz

ABŞ Prezidenti Donald Tramp Ermənistanı “Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Yolu” (TRIPP) layihəsinin rəsmi başlanması münasibətilə təbrik edib. O, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasının və regional əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.

Tramp bu fikirləri layihənin rəsmi açılışına həsr olunmuş çıxışında səsləndirib.

ABŞ Prezidenti layihənin başlanmasından qürur duyduğunu bildirib və Ermənistanın Baş naziri Nikol Paşinyanı “cəsarətli liderliyinə” və sülh yolunu seçdiyinə görə təbrik edib.

“Dostum, Baş nazir Paşinyanı cəsarətli liderliyinə görə təbrik etmək istəyirəm. O, sülh yolunu seçdi və Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən münaqişəyə son qoymaq üçün bizimlə birlikdə çalışdı. 35 ildən çoxdur ki, bu münaqişə saysız-hesabsız əzablara səbəb olub və bir çoxları həll yolu tapmağa çalışıb, lakin uğursuz olub. Amma biz bunu bacardıq və keçən il Ağ Evdə tarixi bir sülh müqaviləsi imzaladıq”, - Tramp bildirib.

O, TRIPP layihəsinin və yeni TRIPP İnkişaf Şirkətinin fəaliyyətə başlamasının ABŞ-Ermənistan tərəfdaşlığında yeni mərhələ olduğunu qeyd edib.

“Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasındakı bu tərəfdaşlıq bölgədə malların və enerjinin hərəkəti, eləcə də sərnişin daşımaları üçün yeni ticarət yolları yaradacaq. Biz bunun böyük uğur olmasını təmin etməyə sadiqik”, – ABŞ Prezidenti vurğulayıb.

Tramp Azərbaycan Prezidenti İlham Əliyevə və Baş nazir Nikol Paşinyana əməkdaşlığa görə təşəkkür edib.

“Bir daha Baş nazir Paşinyana və onun həmkarı, Azərbaycan Prezidenti İlham Əliyevə bizimlə işlədikləri və bu günü mümkün etdikləri, eləcə də məni Nobel Sülh Mükafatına səxavətlə namizəd göstərdikləri üçün təşəkkür etmək istəyirəm”, – o bildirib.

ABŞ Prezidenti, həmçinin Paşinyanı gələn il Milli Dua Səhər Yeməyində iştirak etmək üçün Vaşinqtona səfəri zamanı Ağ Evə dəvət edib. O, görüşdə regional sülhün inkişafı və ikitərəfli münasibətlərin gücləndirilməsi məsələlərini müzakirə etmək istədiyini bildirib.

Tramp çıxışının sonunda sülhün ən böyük və layiqli məqsəd olduğunu deyərək, Ermənistan xalqı ilə əməkdaşlıq etməyin şərəf olduğunu qeyd edib.

“Yaşasın, çox gözəl iş gördünüz”, - ABŞ Prezidenti çıxışını yekunlaşdırıb.