İran televiziyasından geri addım – “Kaspian” yerinə yenidən “Xəzər” istifadə olundu – Foto

İran dövlət televiziyası güneyli fəalların etirazlarından sonra hava proqnozu proqramlarında Xəzər dənizinin adını dəyişdirmək cəhdindən geri çəkilərək, yenidən “Xəzər dənizi” ifadəsindən istifadə etməyə başlayıb.

“Azad İran” telegram kanalı məlumat yayıb.

Məlumata görə, İran televiziyası son bir ay ərzində hava proqnozlarında “Xəzər dənizi” adını “Kaspian dənizi” ilə əvəz etməyə çalışıb. Bu isə etirazlara və müraciətlərə səbəb olub.

Etirazların ardınca dövlət televiziyası əvvəlki adlandırmaya qayıdıb. Bununla belə, bu qərarın adın dəyişdirilməsi cəhdindən tamamilə imtina edilməsi, yoxsa etirazların səngiməsi üçün müvəqqəti geri çəkilmə olduğu hələlik bəlli deyil.