“Iveco” Azərbaycanda elektrik avtobuslarının yerli yığımına dəstək verməyə hazır olduğunu bildirib

İtaliyanın “Iveco Group” şirkəti Azərbaycanda kommersiya nəqliyyat vasitələrinin yerli istehsalı və yığımı sahəsində əməkdaşlığı genişləndirməyi, o cümlədən elektrik avtobuslarının istehsalına dəstək verməyi planlaşdırır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu “Iveco Group”un Beynəlxalq Biznes Dəstəyi üzrə rəhbəri Andrea Çommi bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.

O bildirib ki, İtaliya avtomobil sənayesində aparıcı ölkələrdən biridir və “Iveco” şirkəti Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının uğurlu nümunələrindən biri kimi texnologiya və bilik transferinə, eləcə də yerli istehsalın inkişafına töhfə verir.

Andrea Çomminin sözlərinə görə, Azərbaycanın “Aztex Import” şirkəti ilə qurulan sıx tərəfdaşlıq ölkənin logistika, şəhərsalma və nəqliyyat sektorlarının modernləşdirilməsinə xidmət edir.

“Biz ölkənin ehtiyac duyduğu bir sıra mühüm nəqliyyat vasitələrini, o cümlədən təcili tibbi yardım avtomobillərini və tullantıların daşınması üçün xüsusi təyinatlı avtomobilləri təchiz edirik. Eyni zamanda, elektrik avtobuslarının yerli yığımına dəstək verməyə hazırıq”, - deyə o bildirib.

Şirkət rəhbəri vurğulayıb ki, elektrik mobilliyinin inkişafı Azərbaycanın şəhərsalma və ictimai nəqliyyat sisteminin müasirləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

O əlavə edib ki, “Iveco” Azərbaycan dövlət qurumlarının ehtiyaclarını qarşılamaq məqsədilə ikitərəfli əməkdaşlığı daha da genişləndirməyə hazırdır. Bu çərçivədə Qarabağ regionunun inkişafı da şirkətin diqqət mərkəzindədir.

Andrea Çommi Qarabağda elektrik mobilliyinin inkişafına töhfə vermək, “BakuBus”un nəqliyyat vasitələri parkının modernləşdirilməsinə dəstək göstərmək, həmçinin ölkənin ehtiyaclarına uyğun məktəb avtobusları və elektrik avtobuslarının təchizatında iştirak etmək niyyətində olduqlarını bildirib.

“Biz ikitərəfli əməkdaşlığın yaxşı nümunəsiyik və gələcəkdə bu istiqamətdə daha böyük işlər görməyə hazırıq”, - deyə o qeyd edib.