Prezident İlham Əliyev ötən gün ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib.
ABŞ-li nazirin Azərbaycana gəlişini Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Fazil Mustafa bu səfəri TRİPP layihəsinin həyata keçirilməsi baxımından vacib hesab edir.
"Bölgədə Amerika Birləşmiş Ştatlarının iştirakı ilə bu prosesin sürətlənməsi hamımız üçün diqqət mərkəzində saxlanmalı olan məsələdir və prezident də Azərbaycanın gözləntilərini bu söhbətdə dilə gətirib. Eyni zamanda, dövlət başçısı ABŞ-nin də bu məsələdə dəstəyinin vacibliyini vurğulayıb. Ümid edirəm ki, bu görüşün real layihənin həyata keçirilməsinə təsiri böyük olacaq. Hər halda, biz bu istiqamətdə həm Ermənistanda, həm Azərbaycanda müəyyən çalışmaların doğru istiqamətdə getdiyini görürük və əgər Ermənistanda revanşist qüvvələrin maneçiliyi olmasa, bunu həyata keçirmək tezliklə mümkün ola bilər. Eyni zamanda, bölgə ölkələrinin də müdaxiləsi ilə bağlı səslənən təhdidlərə Amerika Birləşmiş Ştatlarının qəti mövqe qoyması ilə son qoyula bilər. Görüş bizim tərəfimizdən çox əhəmiyyətli bir görüş kimi qiymətləndirilir və bunun müsbət nəticələrinə ümid edirik".