Azərbaycan Orta Dəhlizin imkanlarından daha səmərəli istifadə etmək, logistika əməliyyatlarını rəqəmsallaşdırmaq və beynəlxalq yükdaşımaların operativliyini artırmaq istiqamətində işləri davam etdirir. Bu prosesdə Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) çoxmodallı nəqliyyat, logistika və istehsal mərkəzi kimi inkişafı xüsusi əhəmiyyət daşıyır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Fariz Əliyev bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.
O bildirib ki, nəqliyyat və logistika sahəsində əsas prioritetlərdən biri sənədləşmə proseslərinin aradan qaldırılması, yüklərin real vaxt rejimində izlənilməsi və sərhədlərarası rəqəmsal sistemlərin uyğunlaşdırılmasıdır.
Fariz Əliyevin sözlərinə görə, digər mühüm istiqamət özəl sektorun iştirakının genişləndirilməsi və dövlət-özəl tərəfdaşlığı (PPP) mexanizmlərinin təkmilləşdirilməsidir. Bu çərçivədə özəl logistika şirkətlərinin, dəniz nəqliyyatı agentliklərinin, terminal operatorlarının və gəmiçilik şirkətlərinin proseslərə daha fəal cəlb edilməsi, innovasiyaların tətbiqi və əməliyyat səmərəliliyinin artırılması nəzərdə tutulur.
Şöbə müdiri qeyd edib ki, Ələt Azad İqtisadi Zonası dəniz, dəmir yolu və hava nəqliyyatını vahid məkanda birləşdirən çoxmodallı tranzit mərkəzi kimi inkişaf edir.
O bildirib ki, Ələt Yük Hava Limanının 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılır. Bu, zonanın nəqliyyat və logistika imkanlarını daha da genişləndirəcək.
Fariz Əliyev vurğulayıb ki, ƏAİZ-də investorlar üçün əlverişli hüquqi və fiskal rejim mövcuddur. "Bu şərait beynəlxalq istehsalçıların Orta Dəhliz vasitəsilə zəruri komponentləri idxal etməsinə, Azərbaycanda yüksək əlavə dəyər yaradan innovativ məhsullar istehsal etməsinə və həmin məhsulları Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa bazarlarına ixrac etməsinə imkan yarada bilər. Söhbət təkcə ənənəvi sənaye məhsullarının istehsalından getmir. Əməkdaşlıq perspektivlərinə kritik minerallar, bərpaolunan enerji, süni intellekt mərkəzləri və məlumatların ötürülməsi infrastrukturu da daxildir".
Şöbə müdiri Transxəzər Fiber-Optik kabel xətti layihəsinin də bu prosesin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
"Azərbaycanı beynəlxalq investorlar üçün cəlbedici edən əsas amillər siyasi iradə, sabitlik və layihələrin icrası sahəsində nümayiş etdirilmiş nəticələrdir. Biz yalnız yüklərin və insanların daşınması üçün deyil, həm də yaşıl və bərpaolunan enerjinin Avropa bazarlarına ötürülməsi üçün təhlükəsiz, sürətli və fasiləsiz bağlantı platforması təklif edirik", - deyə o bildirib.
Fariz Əliyev İtaliya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Onun sözlərinə görə, dəmir yolu mühəndisliyi, dəniz texnologiyaları, ağıllı logistika, istehsal və dayanıqlı infrastruktur sahələrində İtaliya şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi mümkündür.
O əlavə edib ki, dövlət-özəl tərəfdaşlığı layihələri, rəqəmsal həllər və Ələt Azad İqtisadi Zonasında istehsal sahəsində əməkdaşlıq İtaliya biznesinin Azərbaycanın nəqliyyat və iqtisadi inkişaf təşəbbüslərində iştirakını genişləndirə bilər.
"Bizim məqsədimiz sadəcə coğrafiyaları birləşdirmək deyil, Orta Dəhlizin real potensialından istifadə edərək Avrasiya boyunca inteqrasiya olunmuş, ağıllı və dayanıqlı iqtisadi körpü yaratmaq, regionda uzunmüddətli rifaha töhfə verməkdir", - deyə o qeyd edib.