Bu ilin ilk doqquz ayında İtaliyanın Azərbaycana ixracı 5,5 faiz, ötən il isə 3,3 faiz artıb. Gələn ilin sonunadək 700 milyard dollarlıq ixrac hədəfimiz var.
Bu barədə İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.
A. Tayani bildirib ki, Dövlət Neft Şirkətinin (SOCAR) benzin və dizelin qiymətinə yuxarı hədd müəyyən etmək qərarı İtaliya vətəndaşlarına yanacaqdoldurma məntəqələrində benzini daha ucuz qiymətə almaq imkanı yaradıb:
“Bu, yüksək qiymətləndirdiyimiz bir jestdir. Bizim üçün bu, yalnız iqtisadi siyasət addımı deyil, həm də heç vaxt unutmayacağımız dostluq göstəricisidir. Bütün bu beynəlxalq mürəkkəbliklər fonunda irəliləmək və maneələri aşmaq gücünə malik olmalıyıq. Azərbaycanlı dostlarımızı əmin edə bilərəm ki, İtaliya yüksək keyfiyyətli məhsullar ixrac edir. İxrac məhsullarımızı qəbul etməklə siz də öz vətəndaşlarınıza yüksək səviyyəli məhsullar təklif etmiş olacaqsınız. İxrac sahəsində sizə verə biləcəyimiz ən yaxşı təminat budur”.