Azərbaycan və İtaliya arasında bir sıra əməkdaşlıq sənədləri imzalandı və mübadilə edildi

Azərbaycan və İtaliya şirkətləri və qurumları arasında bir sıra sənədlər imzalanıb və mübadilə edilib.

Sənədlərin mübadiləsi Azərbaycan-İtaliya Biznes Forumunda baş tutub.

Tədbir çərçivəsində Azərbaycan ilə İtaliya arasında kritik xammal sahəsində üçüncü ölkələrlə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani imzalayıblar.

Bundan başqa, Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə İtaliya Ticarət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov və İtaliya Ticarət Agentliyinin prezidenti Matteo Zoppas imzalayıblar.

Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İtaliyanın “Leonardo” şirkəti arasında Anlaşma Memorandumu, həmçinin İtaliya Əmanıt və Kredit Fondu (Cassa Depositi e Prestiti) ilə Azərbaycan Biznesinin İnkişafı Fondunun əməkdaşlıq sazişi mübadilə edilib.

Bununla yanaşı, Azərbaycanın “Baku Steel Company” şirkəti ilə İtaliyanın “Business Trading” və “Edgar H. Greenham” şirkətləri arasında Anlaşma Memorandumu, Azərbaycan İnşaat İstehsalçıları Assosiasiyası ilə İtaliyanın “Finco” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

İtaliyanın “Iveco” şirkəti ilə Azərbaycanın “Aztex Import” şirkəti arasında da Anlaşma Memorandumu mübadilə olunub.

Bundan əlavə, Qaradağ Şüşə Zavodunun modernləşdirilməsi və istismara verilməsi layihəsinə dair müqavilə “North West Construction”şirkətinin təsisçisi İbrahim Manaflı və “Falorni Tech” şirkətinin direktoru Simon Skarselli arasında mübadilə edilib.