“Yeni Konstitusiya layihəsini hazırlamaq hüququnu və səlahiyyətini biz sizdən - xalqdan 2026-cı il parlament seçkilərinin nəticələri əsasında əldə etmişik. Yeni Konstitusiyanın qəbulu “Vətəndaş Müqaviləsi” Partiyasının seçkiqabağı proqramının mühüm müddəalarından biridir”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsi ilə bağlı xalqa müraciətində deyib.
“Hörmətli vətəndaş, bəli, məhz sən, hazırda bu canlı yayımı izləyən sən, bu gün Ermənistanda qüvvədə olan Konstitusiyanı öz Konstitusiyan hesab edirsənmi? Aydındır ki, xeyr. Çoxsaylı problemlərimiz də məhz buradan başlayır. Vətəndaş Konstitusiyanı özününkü hesab etmədikdə, ölkədə formalaşmış hüquq qaydasını özününkü hesab etmir və nəticədə dövləti də özününkü hesab etmir.
Konstitusiya sənə məxsus olmalıdır, hüquq qaydası sənə məxsus olmalıdır və beləliklə, dövlət də tam və bütövlükdə sənə məxsus olacaq. Bu, mənim və ya başqa bir şəxsin Konstitusiyası deyil. Bu, sənin Konstitusiyandır. Həmin Konstitusiyada deyilir: Ermənistan Respublikasının təsisçisi Ermənistan Respublikasının xalqıdır. Bu layihə ona görə hazırlanıb ki, hüquq qaydası sənə məxsus olsun, Konstitusiya sənə məxsus olsun, dövlət sənə məxsus olsun”, - o bildirib.
Paşinyanın sözlərinə görə, bu, dövlətin tamamilə yeni modelidir və məhz bu modeli “Dördüncü Respublika” adlandırır. Baş nazir əlavə edib ki, “Dördüncü Respublika”nın “Üçüncü Respublika”dan fərqi “münaqişə yox, sülh respublikası” olmasıdır.