Məşhur gürcü qanuni oğru Moskvada saxlanıldı

Kriminal aləmdə “Valter” kimi tanınan gürcü əsilli qanuni oğru Valiko Ceceya Moskvanın Şeremetyevo hava limanında saxlanılıb.

Bu barədə “Praym-Kraym” saytı məlumat yayıb.

Məlumata görə, 80 yaşlı qanuni oğru uzun müddət Monteneqroda yaşayıb, vizasının vaxtı bitdiyi üçün bu ölkəni tərk etməyə məcbur olub.

Monteneqrodan Ermənistana gələn Valteri Rusiya vətəndaşı olduğu üçün Moskvaya yola salıblar.

Rusiya hüquq-mühafizə orqanları ilə görüşü zamanı Valiko Ceceya qanuni oğru olması ilə bağlı sualları cavablandırmayıb.

Rusiya mətbuatı yazır ki, qanuni oğruya ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Əməliyyatdan sonra o, Rusiyanı tərk etməyə söz verib.

Qeyd edək ki, Valiko Ceceya ötən əsrin 90-cı illərində Uzaq Şərqdə və Saxalində cinayət fəaliyyətlərinə nəzarət edən, köhnə nəslə mənsub nüfuzlu qanuni oğru kimi məşhurlaşmışdı. Həmin illərdə o, Uzaq Şərqdə təsir dairələrinin bölüşdürülməsi uğrunda Yevgeni Vasinlə ("Cem") rəqabət aparırdı.