Noyabrın 23-29-da Günəşdə baş verən proseslərin Yerə təsiri və geomaqnit sahəsində aktivliyin artması gözlənilir.
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) bu gün açıqladığı proqnoza görə, bu müddətdə geomaqnit sahəsində sakitlikdən G1 səviyyəli zəif maqnit qasırğasınadək aktivlik müşahidə oluna bilər.
Proqnozda noyabrın 27-də geomaqnit qasırğasının baş verməsi ehtimalı göstərilir. Noyabrın 23, 26 və 28-də isə geomaqnit aktivliyin artacağı gözlənilir.
ABŞ-ın SpaceWeather.com saytı da noyabrın 23-də Günəşdə noyabrın 19-da baş vermiş partlayış nəticəsində yaranan tac kütləsinin Yerə çata biləcəyi barədə xəbərdarlıq yayıb. Bu hadisənin zəif geomaqnit qasırğasına səbəb ola biləcəyi və yüksək enliklərdə qütb parıltılarının müşahidə edilə biləcəyi bildirilir.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının bugünkü proqnozuna görə isə, Azərbaycanda noyabrın 23-29-da Günəşdə zəif alışmaların ehtimalı 35 faiz, güclü alışmaların ehtimalı 10 faiz, çox güclü alışmaların ehtimalı isə 1 faizdir.
Yerli proqnozda noyabrın 23-də noyabrın 19-da baş vermiş tac kütləsinin atılmasının, noyabrın 27-də isə ekvatorial tac dəliyinin geomaqnit sahəsinə təsir göstərəcəyi qeyd olunub. Bununla belə, hər iki halda geomaqnit qasırğasının baş vermə ehtimalı aşağı qiymətləndirilib.